Şriftin ölçüsü :

Saytın rəngi :

“Psixi sağlamlığımızı qoruyaq” mövzusunda elmi-praktik konfrans keçirilib

17 may 2019 | 16:00

Mayın 17-də Tərtər rayon İcra Hakmiyyətinin və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə  təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Psixi sağlamlığımızı qoruyaq” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, "Loqos” Psixoloji və Nitq İnkişaf  Mərkəzinin Baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva, "Loqos” PNİM-in Bərdə filialının həkimləri, psixoloq müəllimlər, loqopedə ehtiyacı  olan şagirdlər və onların valideynləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov əvvəlcə qonaqları salamlayıb, belə bir mövzuda tədbirin məhz düşmənlə təmas xəttində yerləşən bir rayonda keçirilməsini təqdirəlayiq hesab edib və təşkilatçılara təşəkkürünü bildirib.

Təhsil şöbəsinin psixoloqu Gülxar Abbasova, uşaq xəstəxanasının poliklinika şöbəsinin baş həkimi Zəhra Hüseynova  çıxış edərək bildiriblər ki, psixi sağlamlığın qorunması geniş spektrli fəaliyyəti əhatə edir. Bu fəaliyyət birbaşa və ya dolayı yolla fiziki, mənəvi və sosial əmin-amanlığı təmin edir. Buraya sağlamlığın möhkəmləndirilməsi, psixi pozğunluğun profilaktikası, eləcə də psixi pozğunluqdan əziyyət çəkən insanların müalicəsi və reabilitasiyası aiddir. Qeyd edilib ki, dövlətimiz tərəfindən bu sahənin inkişaf etdirilməsi istiqamətində kifayət qədər işlər görülür.

Sonra çıxış edən "Loqos” Psixoloji və Nitq İnkişaf  Mərkəzinin Baş psixoloqu Elmira Mirzəyeva  tədbirin təşkilində göstərdikləri diqqətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. İkin təcili psixoloji yardım, psixoanaliz, böhran vəziyyəti,davranış psixologiyası, neyropsixologiya, psixopatologiya, klinik psixologiya, psixoloq, psixoloji problem, psixoloji yardım anlayışlarının mənalarının lakonik və məzmunlu formada diqqətə çatdırıb. Bildirib ki, psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlər yardımın tərkib hissəsidir.

Məruzə ilə çıxış edənlər "Loqos” Bərdə filialının direktoru Günay Hüseynova, loqopedi Sevinc İsmayılova, uşaq psixoloqu Əşrəf Quluyev müxtəlif psixoloji mövzular haqqında geniş məlumat veriblər və auditoriyanın suallarını cavablandırıblar.

Konfransdan sonra “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzin mütəxəssisləri tərəfindən nitq qüsuru olan uşaqlara və onların valideynlərinə ödənişsiz psixoloji və loqopedik müayinə göstərilib.
 

 

Keçidlər