Şriftin ölçüsü :

Saytın rəngi :

9 may Qələbə Günü qeyd olundu

09 may 2019 | 16:00

Alman faşizmi üzərində qələbənin 74-cü ildönümünə həsr olunmuş umumrayon tədbiri Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları abidənin önünə gül-çiçək dəstələri qoyaraq Böyük Vətən müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsini yad etdilər. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı.

Rayon rəhbəri qeyd etdi ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında  sağ qalanlar – o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. Ulu Öndərin təbirincə desək “veteranlar bizim canlı arxivimizdir”.

Bu gün Azərbaycanda müharibə iştirakçılarına böyük diqqət və qayğı var. Müharibə iştirakçılarının problemlərinin həlli, onların həyat səviyyəsinin yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir.

1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirmiş və veteranlara qayğı göstərmək barədə fərman imzalamışdır. Bu gün bu siyasi kurs ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Respublikamızın prezidenti cənab İlham Əliyevin 23 aprel 2019-cu il tarixli Sərəncamı ilə alman faşizmi üzərində qələbənin 74-cü il dönümü ilə əlaqədar 1941-45-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan 5,0 miliyon manat birdəfəlik maddi yardım edilməsi barədə Sərəncam imzalamışdır. Sərəncama əsasən böyük vətən müharibəsi iştirakçılarına 1000 manat məbləğində, Böyük Vətən Müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-45-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, ikinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, ikinci dünya müharibəsi dövründə “Lelinqrad şəhərinin müdafiəsinə görə” müvafiq medalla və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Lelinqrad mühasirəsinin iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım edilmişdir.

Prezidentin bu Sərəncamından Tərtər rayonunda 84 nəfər yararlanmışdır. Onlardan iki nəfəri Böyük Vətən müharibəsi iştirakçısı, on beş nəfəri həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medalla təltif edilmiş şəxs, 67 nəfəri isə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarıdır.

Qeyd olundu ki, Böyük Vətən müharibəsi illərində doğma Tərtərimizdən 2417 nəfər alman faşizminə qarşı igidliklə döyüşmüşlər. Onlardan 1079 nəfəri müharibədə həlak olaraq əbədiyyətə qovuşmuşdur. Müharibə zamanı həmyerlilərimizdən İdris ibadov, Həbib Abbasov, Xalid Səfərov, Xosrov Əhmədov, İlyas Abdullayev, Musa Qaraşov, Həbib Qarayev, Kiçikağa Abbasov, İsmayıl Yunusov, Firudin Vəliyev və başqaları şərəfli döyüş yolu keçmişlər. Göstərdikləri igidliklərə görə onlar orden və medallarla təltif olunublar.

Veteranlarımızın hər biri bizim üçün çox əziz insan, əsil həyat məktəbi, canlı tarixdirlər. 74 illik tarixi yol keçmiş bu qələbə bayramının şərəfini uca tutmaq, hər bir veterana diqqət və qayğı göstərmək, onları anmaq hər birimizin müqəddəs borcudur.

Sonra icra başçsı bildirdi ki, Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələri mərkəzi rayon xəstəxanasının həkimləri ilə birlikdə Böyük Vətən müharibəsi iştirakçılarının evlərinə gedərək onların səhhəti və problemləri ilə maraqlanıblar.

Mərkəzi Xəstəxananın nervpatoloq, okulist, terapevt, otorinolorinqoloq və digər ixtisaslı həkimlərdən ibarət xüsusi briqadası tərəfindən müharibə veteranları tibbi müayinədən keçirilib və lazımi dərman peraparatları ilə təmin edilib.

Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət  Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, rayon ptokuroru Şıxəli Alməmmədov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon təşkilatının sədri İman Almuradov, Sarıcalı kənd tam orta məktəbin VI sinif şagirdi Davud Mehdiyev veteranlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının böyük rolunun olduğunu, 9 May – Qələbə Gününün tarixə qızıl hərflərlə yazıldığını vurğulayıblar. Bildirilib ki, İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının qəhrəmanlığı heç vaxt yaddaşlardan silinməyəcək. Bu qəhrəmanlıq gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

Sonda  veteranlara  rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr və ərzaq payı təqdim olundu.

 

Keçidlər