“Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır” mövzusunda tədbir keçirildi
Tərtər Rayon İcra Hakimiyyətinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə hazırlanmış tədbirlər planına uyğun olaraq YAP rayon təşkilatının iclas zalında rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır” mövzusunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, YAP rayon təşkilatının sədri Ramiz Şabanov ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dönəmlərdə Azərbaycan gəncliyinin firavan həyatı, təhsili, sağlamlığı, vətənpərvər ruhda böyümələri üçün daim qayğı göstərməsindən danışaraq, bu gün ölkəmizdə möhtərəm Prezident İlham Əliyevin Ulu Öndərin gənclər siyasətini davamlı olaraq həyata keçirdiyini vurğuladı.
Məruzədə qeyd olundu ki, Ulu Öndərin istər birinci, istərsə də ikinci dönəmlərdə ölkəmizə rəhbərliyi dövründə həmişə gənclərin problemləri və onların həlli onun işinin əsas qayələrindən biri olmuşdur. Hələ sovetlər dövründə gənclərin respublikadan kənar təhsili məsələləri daim diqqət mərkəzində saxlanılmış, Azərbaycanın gələcəyinə yönələn tədbirlərdən biri də ölkədə hərbi kadrların yetişdirilməsini təmin edəcək Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması olmuşdur. Bildirildi ki, Heydər Əliyev müstəqillik dövründə də Azərbaycanın gələcəyinin gənclərə məxsus olmasını daim vurğulayırdı. Bu gün gənclərimiz ümummilli lider, müasir Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilməsi, qüdrətlənməsi, müstəqilliyimizin əbədiliyinin təmin olunması üçün ölkə başçımız İlham Əliyev cənablarının işləyib hazırladığı daxili və xarici siyasətin müvəffəqiyyətlə həyata keçirilməsinə öz töhfələrini lazımi səviyyədə verməyə çalışırlar.
Tədbirdə Güləbatlı kənd tam orta məktəbin direktoru Asif Alıkişiyev, Heydər Əliyev Mərkəzinin işçisi Mərziyə Əmirxanlı, mərkəzi xəstəxanasının baş həkiminin müavini Mətanət Hüseynzadə, YAP rayon təşkilatı aparatının məsləhətçisi Zakir Bağırov, Qaraağacı bələdiyyəsinin sədri Rizvan Əzimov çıxış edərək vurğulamışlar ki, Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar ölkəmizin daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır.