Təhsil işçiləri ilə görüş keçirilib
Tərtər şəhər Gənclər Mərkəzində Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov rayonun ümumtəhsil məktəblərinin direktorları və təhsil işçiləri ilə görüş keçirib.
Yığıncağı giriş sözü ilə açan rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ölkənin, o cümlədən regionların sosisal–iqtisadi inkişafı ilə bağlı apardığı işlərdən, təhsil sisteminin inkişaf etmiş dünya ölkələri təhsil sisteminə inteqrasiya edilməsi, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsi sahəsində aparılan islahatlardan danışdı. Təhsil işçiləri qarşısında duran vəzifələri xatırlatdı. Rayonun təhsil sistemində son illər əldə olunan nailiyyətlərlə yanaşı, mövcud olan problemlərdən söhbət açdı. Tövsiyə etdi ki, hər bir təhsil işçisi və rəhbəri fəaliyyətinə ciddi fikir verməli, ölkə səviyyəsində təhsil sistemi qarşısına qoyulan tələblərə uyğun işini qurmağa səy göstərməlidirlər. Çıxışın sonunda hər kəsə fəaliyyətlərində uğurlar, müvəffəqiyyətlər arzuladı.
Sonra rayon polis şöbəsinin rəisi, polis-polkovniki Elçin Qasımov, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, Gülabatlı kənd tam orta məktəbin direktoru Asif Alıkişiyev, Umudlu kənd tam orta məktəbin direktoru Zabil Zeynalov, Tərtər şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova, Yuxarı Sarıcalı kənd tam orta məktəbin direktoru Yaşar Məhərrəmov çıxış etdilər.
Çıxışlarda təhsil sistemindəki mövcud durum, problemlər, o cümlədən əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələrdən danışıldı.
Görüşdə müzakirə olunan məsələlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verildi.