Borsunlu kəndində növbəti səyyar qəbul-görüş keçirildi
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Borsunlu kəndində oldu.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Borsunlu kənd İƏD üzrə nümayəndə Xaləddin Qarayev kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.
Sonra vətəndaşların müraciətləri dinləndi. Kənd ağsaqqalları Qədir Hüseynov, Şəmistan Hüseynov, sakinlərdən Seymur Xəlilov, Məhərrəm Məmmədov, Qənimət Qasımov və başqaları çıxış edərək əvvəlcə Sarov-Borsunlu avtomobil yolunun əsaslı təmirinə görə Respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər, suvarma suyu, kənd məktəbi üçün müasir tələblərə cavab verən yeni binanın tikilməsi, işlə təminat və digər şəxsi məsələlər barədə müraciət etdilər.
Qaldırılan məsələlər nəzarətə götürüldü, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.