Şriftin ölçüsü :

Saytın rəngi :

Cəmşid Naxçıvanski adına hərbi liseyin gənc kursantlarının Tərtər rayonuna ekskursiyası təşkil edilib

06 aprel 2019 | 16:00

Aprel zəfərinin üçüncü ildönümü münasibəti ilə keçirilən vətənpərvərlik həftəsi çərçivəsində "Vətən Uğrunda" səyyar təşviqat dəstəsinin və Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin gənc kursantlarının Tərtər rayonuna ekskursiyası təşkil edilib.

Əvvəlcə kursantlar Tərtər şəhərinin Mərkəzi Meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Kursantlarla görüşən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov onları salamlayıb, çətin və şərəfli işlərində uğurlar arzulayıb. Bildirib ki, 48 km düşmənlə təmas xəttində yaşayan qəhrəman tərtərlilər aprel döyüşlərinin təəssüratlarını bu gün də yaşayırlar. Aprel döyüşləri düşmənlərimizlə yanaşı, bütün dünyaya sübut etdi ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, dövlət başçımız, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dünyanın inkişaf etmiş orduları sırasında qərarlaşan güclü ordumuz var. Biz əminik ki, ordumuz Ali Baş Komandanın əmri ilə işğal altında olan bütün Azərbaycan torpaqlarını azad etmək gücündədir. 

Sonra kursantlar tarix-diyarşünaslıq muzeyində xalqımızın tarixini, mədəniyyətini özündə əks etdirən eksponatlarla tanış olublar. Muzeydə saxlanılan aprel şəhidlərin hərbi formaları və əşyaları kursantlarda böyük marağa səbəb olub.

Ekskursiya çərçivəsində əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olmuş 70 hərbçinin şərəfinə ağac əkilən ərazidə qoyulan və hər bir şəhid haqqında məlumatları özündə əks etdirən lövhələri seyr ediblər.

N saylı hərbi hissədə təşkil olunan tədbirdə aprel şəhidinə həsr olunan kompozisiya nümayiş olunub və Gəncə Qarnizonu Zabitlər Evinin solistinin ifasında hərbi vətənpərvərlik mahnıları səsləndirilib.

Sonda xatirə şəkli çəkilib.

Keçidlər