Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri “İlaxır çərşənbə”ni düşmənlə bir addımlıqda yerləşən Qapanlı kəndinin sakinləri ilə birlikdə qeyd etdi

19 mart 2019 | 16:00

Tərtər rayonunun düşmənlə bir addımlıqda yerləşən Qapanlı kəndinin sakinləri “İlaxır çərşənbə”ni yüksək əhval-ruhiyyə ilə qeyd etdilər.

Düşmənlə üz-üzə mərdliklə dayanan kəndin mərkəzində qalanan Novruz tonqalı ətrafında əsl bayram coşqusu yaşanıb. Uşaqlar tonqalın ətrafında dövrə vuraraq rəqs edib, yumurta döyüşdürüblər. Atlıların meydana daxil olması xoş ovqat yaradıb.

Kənd sakinlərinin bayram şənliyinə qatılan Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kənd ağsaqqalları ilə birlikdə bayram tonqalını alovlandırıb. Kənd sakinlərinə can sağlığı, əmin-amanlıq, süfrələrinə bol ruzi-bərəkət, hər bir ailəyə sevinc və səadət dolu günlər arzulayıb. Vurğulayıb ki, inşallah gələn bayramlarımızı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində, Xocalıda və işğal altında olan digər o gözəl bölgələrimizdə qeyd edəcəyik.

Qeyd edək ki, eyni vaxta rayonun bütün təmas xəttinə yaxın yerləşən kəndlərində, düşmənimizin gözü qarşısında bayram tonqalları alovlandırılıb.

Sonra rayon rəhbəri kənd ağsaqqalı Eldar Məmmədovun evində qonaq oldu, onlarla birlikdə bayram süfrəsi arxasında əyləşdi, qayğıları ilə maraqlandı. Onlara rayon icra hakimiyyəti tərəfindən gətirilmiş bayram sovqatı verildi. Görüş səmimi və yadda qalan oldu.

Qapanlı kənd sakinləri ön xəttdə, düşmənlə bir addımlıqda, çətin şəraitdə yaşamalarına baxmayaraq onların yaxşı yaşaması üçün dövlətimiz tərəfindən hər cür şəraitin yaradıldığını, onların çətin günlərində cənab Prezidentin öz xanımı ilə həyatlarını təhlükəyə ataraq kəndə səfər etdiklərini bildirərək, göstərilən bu qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, Tərtər rayonunun 48 km ərazisi təmas xəttində yerləşir. Qapanlı kəndi isə Tərtər rayonunun təmas xəttinə ən yaxın yerləşən və düşmən atəşindən ən çox zərər çəkən yaşayış məntəqələrindəndir. Ermənistan hərbi birləşmələri tərəfindən rayonun digər cəbhəyanı kəndləri kimi bu istiqamətdə də atəşkəs rejimi tez-tez pozulur. Düşmənin bütün təxribatlarına baxmayaraq, kənddə həyat öz axarı ilə davam edir.

Rayon rəhbəri ön xəttə xidmət edən əsgərlərimizi də yaddan çıxartmadı. Düşmənə ən yaxın istiqamətdə xidmət edən əsgərlərlə görüşün rayon rəhbəri onların bayramlarını təbrik etdi, bu çətin və şərəfli işlərində uğurlar arzuladı. Onlara bayram sovqatı verildi.

Sonda rayon rəhbəri Mərkəzi Meydanda bayram tonqalını alovlandırdı, tərtərlilərin bayramını bir daha təbrik etdi. Tədbir bayram atəşfəşanlığı ilə başa çatdı.

Keçidlər