Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhramanı Vəzir Orucovun anım mərasimi keçirildi

20 mart 2019 | 16:00

Martın 20-də Tərtər şəhərində Azərbaycanın Milli Qəhramanı Vəzir Orucovun anım mərasimi keçirildi. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları əvvəcə qəhrəmanın büstü önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini bir dəqiqəlik sukutla yad etdilər. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxudu.

Sonra tədbir YAP rayon təşkilatının iclas zalında davam etdirildi.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vəzir Orucovun həyatı və döyüş fəaliyyəti barədə məlumat verdi, bildirdi ki, Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya olunmuşdu. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdu. 1975-ci ildə hərbi xidmətə çağrılmış, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirmişdir. 1984-cü ildə Orucov Rusiyanın  Arxangelsk vilayətinin Belkovo şəhərinə köçmüşdü.

1992-ci ildə Xocalı soyqırımını eşidib, Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olmuşdu. Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxaraq Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılır. Həmin axşam bir diri erməni əsgərini və silahını götürüb, geri qayıdır. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə, söz verdiyi kimi, sahibinə qaytarır. Oradan isə birbaş evlərinə gəlir və anasına deyir ki, daha onun yolunu gözləməsin.

2015-ci il  28 dekabrda Rusiya jurnalisti və naşiri Aleksandr Nevzorovun Qarabağ münaqişəsi barədə xatirələrini bölüşərkən Vəzir Orucov haqqında bu fikirləri səsləndirib:

“Heç kim inciməsin, ancaq mənim indiyədək tanıdığım ən cəsur insan azərbaycanlı olub. Onun adı Vəzir idi. O, digərlərindən heç nə ilə fərqlənmirdi...”

Həsənqaya, Köyarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə Vəzir Orucov şücaət göstərərək, düşmənin bir çox planını puç etmişdi.

1992-ci il sentyabr ayının 1-də Çaldıran kəndi uğrunda gedən döyüşlərdə Vəzir Orucov ağır yaralanmış, müalicə olunduqdan sonra yenidən 2 noyabr 1992-ci ildə cəbhəyə qayıtmışdır.

Vəzir Orucov  22 mart 1993-cü ildə Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olmuşdur. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.

1993-cü il mart ayının 27-də ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bu Vəzir Orucovun yığcam tərcümeyi-halıdır. 1992-ci ilin may ayından- Tərtər batalyonuna daxil olduğu gündən isə onun hər günü bir qəhrəmanlığından, döyüş sücaətindən xəbər verir. Məhz ona görə də şairlər onu müasir dövrün Koroğlusu, əfsanəvi qəhrəmanı adlandırırlar.

Biz fəxr edirik ki, Tərtərin Vəzir Orucov kimi qəhrəman oğulları var. Belə oğulların sayəsində Tərtər alınmaz qalaya çevrilmişdir.

Bu gün dövlətimiz tərəfindən şəxsən respublika prezidenti İlham Əliyev tərəfindən Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə, əlillərə böyük diqqət və qayğı göstərilir. Onlar mənzillə təmin olunur, fərdi evlər tikilir, avtomobillər verilir. Biz bunu rayonumuzun timsalında da aydın görürük.

Vətən yolunda canından keçmiş şəhidlərimizin adı əbədiləşdirilir. Tərtərdə onlarla şəhid adları daşıyan bulaq, məktəb, bağça, xəstəxana və küçə var. Şəhərin mərkəzi küçələrinə Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucovun, Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun,  Ədalət Paşayevin, şəhid İlqar Həsənovun, aprel döyüşlərində şəhid olmuş həmyerlimiz Nicat İsgəndərovun adları verilmişdir.

Sonra keçmiş Tərtər Özünümüdafiə Batalyonunun qərərgah rəisi Pənah Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusifov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov, Müharibə və Əmək Veteranları Şurasının rayon şöbəsinin sədri İman Almuradov, şəhid atası Telman Hüseynov,  qəhrəmanın döyüş yoldaşları Elburus Sadıqov, Rövşən Məmmədov, Mingəçevir şəhərindən gəlmiş Məhəmmədəli Ağazadə  çıxış edərək öz xatirələrini bölüşmüşlər.

Tədbirdə iştirak edən şəhid ailələri və veteranlar Qarabağ müharibəsi veteranlarına, əlil və şəhid ailələrinə göstərilən diqqət və qayğıya və son dövürlər Qarabağ müharibəsi əlilləri və  şəhid ailələrinin maddi təminatlarının yaxşılaşdırılması istiqamətində imzalanan Sərəncamlara görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər