Tərtərdə N saylı hərbi hissədə Novruz şənliyi
Millət vəkili Qənirə Paşayeva, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Təranə Məmmədova və Bakı şəhərindən gəlmiş nümayəndələr Novruz bayramı münasibətilə Tərtər rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüblər.
İlk öncə N saylı hərbi hissənin komandir müavini Babək Səmidli çıxış edərək hərbçi və əsgərləri Novruz Bayramı münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb. Hərbiçlərlə görüşə gələn qonaqlara təşəkkür edərək, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib.
Əsgərlər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva əsgər və zabitləri xalqımızın ən qədim və müqəddəs bayramlarından olan Novruz bayramı münasibətilə təbrik edib və ən xoş arzularını bildirib. Millət vəkili deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. "Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda dalğalanacaq. İnşallah gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, işğal altında olan digər o gözəl bölgələrimizdə qeyd edək.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov xalqımızın əziz bayramı olan Novruz münasibətilə hərbiçləri təbrik etdi, çətin və şərəfli işlərində onlara müvəffəqiyyətlər arzuladı. Bildirdi ki, bu gün cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müasir hərbi texnika ilə təchiz edilmiş, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordu formalaşıb. Bu, bizdə işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə və növbəti Novruz tonqallarının doğma Qarabağımızda alovlandırılacağına, Azərbaycanın üçrəngli bayrağının işğal altında olan torpaqlarımızda dalğalanacağına böyük inam yaradıb. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində, Xocalıda və işğal altında olan digər o gözəl bölgələrimizdə qeyd edəcəyik.
Sonra tədbir bədii hissə və Bakıdan gəlmiş incəsənət ustalarının konsert proqramı ilə davam edib.