Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə məcburi köçkün şəhərciyində Novruz şənliyi

16 mart 2019 | 16:00

Tərtər rayonunda məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə Novruz şənliyi keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin,  Beynəlxalq Muğam Mərkəzinin, Tərtər və Ağdam rayonlarının icra hakimiyyətlərinin dəstəyi ilə Şıxarxda - vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi olan qəsəbədə təntənəli Novruz şənliyi keçirilib.

Bayram tədbirləri rəsmi qonaqların və ictimaiyyət nümayəndələrinin “Marağa-150” abidəsinə baş çəkməsi ilə başlayıb. Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov,  millət vəkilləri Qənirə Paşayeva, Mahir Abbaszadə iştirak edib.

Bayram şənliyində qəsəbədə xüsusi olaraq ayrılmış sahədə Novruz adət-ənənələri nümayiş olunub. Tərtər və Ağdam rayonlarının mədəniyyət işçiləri çıxışlar edərək, Dədə Qorqud öyüd-nəsihətləri, bayram duaları, təbrikləri, Kosa və Keçəl duzlu-məzəli zarafatları ilə tədbiri şənləndiriblər.

Tədbir iştirakçıları Qarabağ mətbəxinin Novruz təamlarına – plov, səməni halvası, şəkərbura, paxlava, qovurğa və s. qonaq ediliblər.

İşğaldan azad edilmiş torpaqda üç yerdə tonqal qalanıb. Tarixi ənənələrə görə, bunlardan birincisi, el-obanı şənliyə, ikincisi, düşmənlə mübarizəyə, üçüncüsü isə birliyə çağırır.

Bayram şənliyi Bakıdan gəlmiş muğam ustalarının konserti ilə davam edib.

 

Keçidlər