Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə yem emalı müəssisəsi istifadəyə verildi

16 mart 2019 | 16:00

Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində Azərbaycan və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisəsi istifadəyə verildi.

Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD), yerli özünüidarəetmə orqanlarının nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə SEDA-nın Gəncə-Qazax regionu üzrə direktoru Günay Zeynalova açaraq qonaqları salamladı və sözü Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova verdi. Rayon rəhbəri öncə tədbir iştirakçılarını Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı münasibəti ilə təbrik etdi, onlara əmin-amanlıq, ruzi-bərəkət və firavan həyat arzuladı. Ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğıdan və bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətindən danışdı. Yem emalı müəssisəsinin istifadəyə verilməsinin Azad Qaraqoyunlu kəndi ilə yanaşı ətraf kəndlərin sakinlərinin də heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə və yemə olan tələbatın ödənilməsinə şərait yaradacağını qeyd etdi. Dövlət tərəfindən kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğıya görə tərtərlilər adından Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına öz minnətdarlığını bildirdi. 

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Elçin İbrahimov ölkədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verdi. Bildirdi ki, regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrası, o cümlədən Tərtər rayonunda yem emalı müəssisəsinin istifadəyə verilməsi bölgədə aqrar sektorun inkişafı və məşğulluğun artırılmasında əhəmiyyətlidir.

   Diqqətə çatdırılıb ki, Azərbaycan və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi layihə çərçivəsində tikilən müəssisədə yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub, toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yeri açılıb.

Digər çıxış edənlər və kənd sakinləri yeni yem emalı müəssisələrinin istifadəyə verilməsini kənd sakinlərinin heyvandarlıq və əkinçilik fəaliyyətinə müsbət təsir göstərəcəyini, baha olmayan qidalı yem çatışmazlığını aradan qaldıracağını bildiriblər.

Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə təşəkkür ediblər.
 

 

Keçidlər