Tərtər rayonunun məktəbliləri Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə tur-aksiyaya başlayıblar
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Tərtər rayonunun məktəbliləri Qəbələ, Şəki və Zaqatala rayonlarını daha yaxından tanıyacaqlar.
Martın 14-də tur-aksiyada iştirak edəcək şagirdlər Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Burada keçiriən görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, tur-aksiyanın əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizdə gənc nəslin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin bilikli, dünyagörüşlü formalaşması, Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyada da məqsəd gənclərin dünyagörüşünü daha da zənginləşdirmək, onlara Vətənimizi daha yaxından tanıtmaq və sevdirməkdir.
Rayon rəhbəri ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə ətraflı məlumat verib. Ölkəmizin hər bir bölgəsinin özünəməxsus xüsusiyyətləri, təbiəti, tarixi abidələri, adət-ənənələri, kulinariyası olduğunu qeyd edərək, şagirdlərə səfərlərini xoş və mənalı keçirməyi, getdikləri rayonlar haqqında geniş məlumatlar əldə etməyi tövsiyə edib.
Martın 15-də rayonun mərkəzi meydanında məktəblilərin yolasalma mərasimi keçirilib. Rayon rəhbərliyi, təhsil işçiləri və valideynlər tur-aksiya iştirakçılarına tövsiyələr verib, səfərlərinin mənalı və maraqlı olmasını arzulayıblar.
Tur-aksiya iştirakçıları Mərkəzi meydanda qurulmuş səməninin ətrafında rəqs ediblər. Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə yola düşüblər.