Rayonda “15 sentyabr Bilik-günü” qeyd olundu
16 sentyabr 2013-cü il tarixdə Tərtər rayonunun ümumtəhsil məktəblərində “15 sentyabr-Bilik günü” qeyd edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərov və rayon icra hakimiyyətinin nümayəndələri dərs ilinin başlanması münasibətilə şəhər və kənd məktəblərində keçirilən tədbirlərdə iştirak etmiş, müəllim və şagird kollektivini, valdeyinləri təbrik edərək dövlət tərəfindən təhsilə göstərilən qayğıdan söhbət açmışlar.
Rayon rəhbəri bildirmişdir ki, 2012-ci ildə rayonumuzda Təhsil Nazirliyi tərəfindən şəhər 1 saylı tam orta məktəbi üçün 960 şagird yerlik , Seydimli kənd tam orta məktəbi üçün 160 şagird yerlik, Kəngərli, Qapanlı kənd tam orta məktəbləri üçün 220 şagird yerlik yeni məktəb binası tikilmişdir. Bu il isə Hacıqərvənd kənd tam orta məktəbi əsaslı təmir olunmuş, Qazyan, Borsunlu, Cəmilli, Gülabatlı kənd məktəblərində isə əsaslı təmir işləri davam edir. Rayon rəhbəri hazırda Rəcəbli kəndində yeni məktəb binası tikildiyini də qeyd etmişdir.
Tədbirlərdə bu il ali məktəblərə iş verən 395 nəfərdən 200 nəfərinin ali məktəbə, 40 nəfərinin orta-ixtisas məktəblərinə qəbul olunduğu vurğulanmış, 600-dən yuxarı 7 nəfərin, 500-dən yuxarı isə 24 nəfərin bal topladığı qeyd olunmuş, qəbul vaxtı yüksək nəticə əldə edən məktəblilərin adları çəkilmişdir.
“Bilik günü” keçirilən tədbirlər yaddaqalan olmuş, birincilərin söylədikləri şeirlər, oxuduqları mahnılar tədbir iştirakçılarının əhval-ruhiyyəsinə xoş təsir bağışlamışdır.