Tərtərdə məişət zorakılığına həsr olunmuş təlim keçirilib
Tərtər Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının rayon şöbəsinin konfrans zalında Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinə “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” adlı təlim keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, Komitənin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Rayon Hüquq-mühafizə orqanlarının nümayəndələri, Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov tədbiri giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən danışıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Ceyran Rəhmətullayeva ölkəmizdə məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, məişət zorakılığına qarşı mübarizə sahəsində atılan addımlar barədə ətraflı məlumat verib, təlimin proqramı üzrə təqdimatla çıxış edib.
Bildirilib ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması həvalə edilib. Bu məqsədlə bütün rayonlarda yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb.
Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlili, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyası daşıyır.
Komitənin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova təlim zamanı məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar, mühafizə orderlərinin tətbiqi, yerli qurumlar arasında əlaqələndirmə və təcrübədə mövcud problemlər və onların həlli yolları ilə bağlı təqdimatla çıxış edib.
Təlim zamanı məişət zorakılığı halları ilə mübarizə sahəsində maarifləndirmə işləri aparmaq məqsədilə Komitə tərəfindən çap edilmiş buklet və kitabçalar görüş iştirakçılarına paylanıb.