Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən yürüşdə minlərlə tərtərli işirak edib
Xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin iyirmi yeddinci ildönümü respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da silsilə tədbirlərlə qeyd edilib. Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq, rayonun idarə və təşkilatlarında, təhsil ocaqlarında faciə ilə bağlı müxtəlif tədbirlər, inşa yazı müsabiqəsi, foto və rəsm sərgiləri təşkil edilib. Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub. Rayon rəhbərliyi tərəfindən Xocalı sakinləri ilə görüş keçirilərək problemləri dinlənilib, onlara ərzaq yardımı göstərilib.
Fevralın 26-da Tərtər şəhərində ümumrayon yürüşü keçirilib. Minlərlə sakinin iştirak etdiyi yürüş Şəhidlər abidəsinədək davam edib. Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri, Xocalıdan olan məcburi köçkünlər, N saylı hərbi hissənin əsgər və zabitləri abidə önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Xocalıda həlak olanların ruhuna dualar oxunub.
Yeni Azərbaycan Partiyası rayon təşkilatında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mütəqim Məmmədov çıxış edərək, erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğından, dinc əhaliyə amansız divan tutulmasından danışıb, gənclərə tariximizi dərindən öyrənməyi, xalqımızın başına gətirilən faciələri heç vaxt yaddan çıxarmamağı tövsiyə edib. Sonra Xocalı faciəsi ilə bağlı nümayiş olunan ədəbi-bədii kompozisiyanın iştirakçılarına fəxri fərmanlar təqdim edilib.