Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

17 iyul 2018 | 16:00

İyulun 17-də Tərtərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə öz işini yekunlaşdırıb.

Müəllimlər, gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-müşavirənin ikinci günündə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib.

Daha sonra çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayondakı dini durum haqqında geniş məruzə ilə çıxış edib. Natiq vurğulayıb ki, dini radikalizmlə mübarizə bütün ölkə boyu, xüsusilə də düşmənlə təmas nöqtəsində yerləşən Tərtər rayonunda çox böyük həssaslıqla həyata keçirilir. Dövlət başçımızın dinə və dindarlara yüksək diqqət və qayğısı, respublikamızda görülən genişmiqyaslı işlər, dövlətimizin beynəlxalq arenadakı nüfuzunun sürətlə artması bəzi maraqlı dairələri narahat edir. Bu səbəbdən zaman-zaman Azərbaycanda terror, qarışıqlıq, xaos törətmək cəhdlərini görürük. Gəncədə baş verənlər bunun əyani sübutlarındandır. Ancaq həm cəmiyyətimiz, həm də dövlətimizin rəhbərliyi təxirəsalınmaz tədbirlər həyata keçirərək bəd niyyətin baş tutmamasına nail oldu. Azərbaycan gücləndikcə belə təzyiqlərin, böhtan kampaniyalarının və s. olacağı şübhəsizdir. Buna görə də hamımız diqqətli olmalı və din pərdəsi altında gizlənərək öz niyyətlərini həyata keçirmək istəyənləri birlikdə ifşa etməliyik.

Azərbaycanın tarixən sahib olduğu tolerant və multikultural dəyərlərdən danışan DQİDK sədrinin birinci müavini Səyyad Salahlı gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlərimizin xüsusi rolunun olduğunu deyib. Qeyd edib ki, milli-mənəvi dəyərlər vətənpərvərlik hisslərinin formalaşmasında əsas lokomotivlərdəndir və Ulu Öndər Heydər Əliyev də məhz bu səbəbdən həmin dəyərlərin qorunub saxlanılmasını, gələcək nəsillərə sağlam şəkildə ötürülməsini istəyirdi. Onun əsasını qoyduğu bu işlər, xəyalını qurduğumuz arzular bu gün Prezident İlham Əliyevin uzaqgörən, dərin təhlillərə əsaslanan siyasəti sayəsində reallığa çevrilməkdədir. Əlbəttə, ölkəmizin qazandığı uğurlar beynəlxalq arenada bizi istəməyən qüvvələri, erməniləri, onların havadarlarını qıcıqlandırır. Hətta bəzən deyirlər, necə ola bilər ki, bir ölkənin ərazisinin 20 faizi işğal altında olduğu halda bu qədər inkişaf edir, dini-etnik müxtəlifliyə baxmayaraq heç bir qarşıdurma, ayrı-seçkilik yaşanmır. Bu səbəbdən sahib olduğumuz tolerant və multikultural dəyərlərimizə, sabitliyimizə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxmağa çalışırlar. Ancaq unutduqları bir şey var: Azərbaycan artıq onların bir vaxtlar gördükləri humanitar yardıma ehtiyacı olan, zəif ölkə deyil. Əksinə, indi Azərbaycan özü başqa ölkələrə yardımlar edir, sərmayələr yatırır. Ona görə də həmin xarici dairələrin cəhdləri uğursuzluğa məhkumdur və uğursuzluqlarının davam etməsi üçün bundan sonra da cənab Prezidentin siyasətini dəstəkləməli, bu siyasətin qüsursuz şəkildə icrasına çalışmalıyıq.

Komitə sədrinin birinci müavini dini radikalizm, ekstremizm, fanatizm və mövhumat kimi mənfi tendensiyaların təsiri altına düşməmək üçün gənclərə elm və təhsilə daha çox diqqət və vaxt ayırmağı tövsiyə edib.

Tərtər şəhər “Cümə” məscidinin imam müavini Məhərrəm Rəhimov ölkə rəhbərliyinin dinə və dindarlara qayğısının yüksək səviyyədə hiss edildiyini, dindarların da bu diqqət və qayğının müqabilində dövlət başçımızın yürütdüyü siyasəti dəstəkləməli olduğunu bildirib. Qeyd edib ki, İslam dini terror dini deyil, ancaq bu gün bəzi qruplar müsəlman kimliyi altında Gəncədə terror hadisələri törədirlər. Onların hərəkətlərinin nə İslamla, nə hər hansı dinlə, nə də əxlaqla əlaqəsi vardır. İmam müavini gəncləri dini radikal dairələrin tələsinə düşməməyə, bu cür fitnələrə uyanlara qarşı mübarizədə ayıq-sayıq olmağa çağırıb.

Daha sonra çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Orxan Maşayev dini radikalizm, onun yaranma səbəbləri, dini radikal cərəyanların təbliğat metodları haqqında məlumat verib. Dini radikalizmlə mübarizədən də danışan O.Maşayev bildirib ki, müasir dövrdə ən prioritet məsələlərdən biri də gənclərin bu sosial bəladan uzaqlaşdırılmasıdır. Natiq qeyd edib ki, bunun üçün din gənclərə olduğu kimi izah edilməli, onlara milli-mənəvi dəyərlərə hörmət etmək aşılanmalıdır.

Seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
 

Keçidlər