Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə hərbi hissələrdə Novruz şənlikləri davam edir

17 mart 2018 | 16:00

Novruz bayramı münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə birgə N saylı hərbi hissədə bayram tədbiri keçirib.

Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib, sonra əsgər və zabitlərlə birlikdə Azərbaycan Respublikasının himnini oxunub.

Bayram tədbirini giriş sözü ilə açan hərbi hissə komandirinin müavini Anar Cavadov qonaqları salamlayaraq ölkəmizdə orduya böyük diqqət və qayğının göstərildiyini, əsgərlərimizin işğal altında olan torpaqları azad etməyə hər zaman hazır olduqlarını bildirib. Sonra sözü Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin Kriminalistika şöbəsinin rəisi Nihad Şıxəliyevə verib. N.Şıxəliyev hərbçilərə respublika hərbi prokuroru Xanlar Vəliyevin təbrikini çatdırıb. Sonra hərbi hissə komandiri polkovnik leytenant Teymur Məmmədov, ehtiyatda olan mayor Pənah Məmmədov, Əsgər anası Arzu Məmmədova çıxış edərək əsgər və zabitləri Novruz bayramı münasibəti ilə təbrik etdilər, öz ürək sözlərini bildirdilər.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov xalqımızın əziz bayramı olan Novruz münasibətilə hərbiçləri təbrik edib, Tezliklə Novruz tonqallarının işğaldan azad edilmiş torpaqlarımızda qalanmasını diləyib. Bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə günbəgün güclənən Azərbaycan Ordusu Vətənimizin keşiyində ayıq-sayıq dayanaraq öz müqəddəs missiyasını uğurla yerinə yetirir. Bu baxımdan düşmənlə təmas xəttində hərbi xidmət keçmək daha məsuliyyətli və şərəflidir. Dövlətimiz ağır təbii şəraitdə gecə-gündüz torpaqlarımızın keşiyində dayanan əsgər və zabitlərimizə həmişə diqqət göstərir, onların xidmət şəraitinin daha da yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmizdə ordunun arxasında xalq, xalqın arxasında isə ordu dayanır. Bu birlik nəticəsində qəhrəman tərtərlilər düşmənə bir qarış da torpaq verməyiblər.

Tədbirin sonunda Respublika Hərbi Prokurorluğu və Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən xidmətdə fərqlənən əsgər və zabitlərə qiymətli hədiyyələr və bayram sovqatı verildi.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  tərəfindən icra hakimiyyətinin sifarişi ilə çap olunmuş “Qəhrəman Tərtərin müdafiəsində” kitabı hərbi prokurorluğun nümayəndəsinə təqdim olundu.

Tədbirdə Novruz tonqalı alovlandırıldı, kəndirbazlar əsgərlər qarşısında maraqlı nömrələrlə, rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivi isə konsert proqramı ilə çıxış etdilər.

 

Keçidlər