Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərli qadınlar rayonunun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər

08 mart 2018 | 16:00

Ölkəmizin hər yerində olduğu kimi, tərtərli qadınlar da rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Rayon əhalisinin 52,29 faizini qadınlar təşkil edir. Rayon qadınlarının 4365 nəfəri təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, 59 nəfəri dövlət qulluğunda çalışır. Rəhbər vəzifədə 51 nəfər qadın işləyir. Təhsilin inkişafında xidmətilərinə görə 6 nəfər qadın “Əməkdar müəllim” adına layiq görülüb, 8 qadın “Tərəqqi” medalı ilə təltif olunub.

Bu fikirlər Tərtər rayonunda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən bayram tədbirində səsləndirilib. Bayram süfrəsi arxasında keçirilən mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatlarında çalışan qadınlar, şəhid anaları, ağbirçəklər iştirak edib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov zərif cinsin nümayəndələrini bayram münasibətilə təbrik edib, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs edib. Bildirilib ki, milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər.

İndi Azərbaycan qadınlarının səsi dünyanın hər yerindən eşidilir. Biz bunu Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevanın timsalında daha aydın görürük. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKONUN xoşməramlı səfiridir. Mehriban xanım Əliyevanın təhsilimizin, mədəniyyətimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, misilsiz xidmətləri var. Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir.

  Icra başçısı ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verdiyini, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, onların fədakar əməyinin yüksək qiymətləndirildiyini, müxtəlif sahələrdə çalışan qadınlara fəxri adların, fərdi təqaüdlərin verildiyini, orden və medallarla təltif olunduğunu diqqətə çatdırılıb.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına, şəhid anaları və ağbirçəklərə hədiyyələr, dövlətimizin başçısının Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının direktor əvəzi Həqiqət Həşimovaya və Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Şöhlə Mənafovaya mükafat təqdim edib. Çıxış edən qadınlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Rayon mədəniyyət evinin hazırladığı rəngarəng musiqi nömrələri tədbiri daha da rövnəqləndirib.

Keçidlər