Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbhə bölgəsinin neftçalalı qonaqları

02 oktyabr 2017 | 16:00

“Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin üzvləri cəbhə bölgəsi olan Tərtər torpağında rayonumuzun fəal qadınları ilə görüşüblər. Tədbir iştirakçıları öncə Ulu Öndərin xatirəsini yad edərək abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra Heydər Əliyev Mərkəzində “dəyirmi masa” ətrafına toplaşan hər iki rayonun nümayəndələri səmimi bir şəraitdə Azərbaycan qadınlarını narahat edən məsələlər barədə danışıblar.

Birliyin sədri Gülqədəm Mirzəzadə təmsil etdikləri təşkilatın yaranma tarixi, həyata keçirdiyi layihələr və fəaliyyətinin əsas məqsədi barədə ətraflı məlumat verib.

“Cəbhəyani bölgələrdə müvafiq tədbirlərin təşkilinə dair təşəbbüslər” layihəsi çərçivəsində fəal Tərtər qadınlarının təklifləri dinlənilib, onlar arasında sorğu aparılıb. Qarabağ Regional Bilik Evinin aparıcı-məsləhətçisi İradə Əkbərli, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, tarix-diyarşünaslıq muzeyinin direktoru Aybəniz Məmmədova, uşaq poliklinikasının müdiri Zəhra Əliyeva, təhsil şöbəsinin nümayəndəsi Gülxar Abbasova, şəhər 1 saylı tam orta məktəbin pisxoloqu Kəmalə Yaqubzadə, Hüsənli kənd İƏD üzrə icra nümayəndəsi Gülüstan Əhmədova cəbhə bölgəsində yaşayan qadınların vətən sevgisindən, onların problemlərindən söhbət açıblar.

Tədbir iştirakçıları rayon icra hakimiyyətinin nümayəndələri ilə birlikdə şəhid Nicat İsgəndərovun valideynləri ilə görüşüb, onlara hədiyyələr təqdim ediblər.

Sonra isə N saylı hərbi hissədə olublar. Onlar hərbçilərlə çay süfrəsi arxasına əyləşərək, hədiyyələr təqdim ediblər. Əsgərlərə Neftçala məktəblilərinin məktubları paylanıb, müəllim və şagirdlərin ifasında vətənpərvərliyə həsr olunmuş şeirlər dinlənilib. Görüş Tərtər məktəblisi Aytac Süleymanzadənin oxduğu “Qarabağ şikəstəsi” ilə başa çatıb.

Neftçalalılar rayonumuzdan xoş təəssüratla ayrılıblar.

Keçidlər