Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa Birliyi nümayəndələri Tərtər rayonunda səfərdə olub

22 avqust 2017 | 16:00

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəsmiləri, əməliyyatlar bölməsinin rəhbəri Jeroen Vilyams və layihə meneceri Ramilə Aslanova  Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə Avropa İttifaqının Azərbaycan hökuməti ilə əməkdaşlığı çərçivəsində bölgələr arasındakı fərqlilikləri azaltmaqla iqtisadiyyatın diversifikasiyası, daha tarazlı və hərtərəfli inkişafı təşviq etməkdə Azərbaycan Hökumətinin göstərdiyi səyləri dəstəkləməyi nəzərdə tutan  Regionların və Kənd Yerlərinin İnkişafına yardım proqramı üzrə Tərtər və Bərdə rayonlarının iqtisadi inkişafının gələcək perspektivləri ilə tanış olmaq məqsədi ilə 22-23 avqust tarixlərində bu rayonlara səfər ediblər. Proqram çərçivəsində qonaqları qəbul edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov cəbhə xəttinə yaxın Tərtər rayonunda görülən sosial-iqtisadi fəaliyyətlərə dair onlara geniş məlumat verib. İcra başçısı BAMF-ın Tərtər rayonunda gördüyü sosial-humanitar işləri də yüksək qiymətləndirib. Müstəqim Məmmədov ölkə rəhbərinin son sərəncamından sonra Tərtərdə pambıqçılığın, baramaçılığın, meyvə tərəvəz istehsalının əhəmiyyətli dərəcədə artdığını bildirib. Bütün bunlara baxmayaraq O, may ayından başlayaraq noyabrın əvvəllərinə kimi işğal altındakı Sərsəng su anbarından Tərtər rayonu istiqamətində axan Tərtər çayının qarşısının bağlanması səbəbindən bölgədə əkin sahələrinin suvarılmasında problemlərin yaranması, çaylarla partladıcı maddələrin axıdılması, çayın su ehtiyatlarından yalnız 30 faiz istifadə edilməsinə dair məlumat verib. Qonaq bütün bunların yolverilməz olduğunu, Tərtər rayonunda yaradılmış su rezervuarının, kəndlərdə qazılmış artezan quyularının imkanlarından düzgün istifadə olunmasının vacibliyini ifadə edib. Tərtər rayonunda BAMF-ın Peşə Təlim Mərkəzində, BAMF-ın sosial-humanitar sahədəki fəaliyyətindən, təsərrüfat sahələrində görülən işlərdən məmnun qaldığını bildirən J.Vilyams Avropa Birliyinin müharibədən zərərçəkmiş ərazilərdə sosial-iqtisadi infrastukturun inkişafı üçün hökumətin vətəndaş cəmiyyəti ilə birgə gördüyü işləri yüksək dəyərləndirib və təmsil etdikləri qurumun bu bölgələrdə proqramların dəstəklənməsinə hazır olduğunu bildiriblər. Daha sonra qonaqlar rayonun işğal altındakı ərazilərlə həmsərd Şıxarx, Həsənqaya və Qapanlı  kəndlərinə baş çəkərək, müharibənin törətdiyi dağıntılarla, məhv olmuş  infrastrukturla, eləcə də ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə 1978-ci ildə tikilmiş abidənin ətrafında aparılan  restavrasiya işləri ilə tanış olublar. Səfər zamanı onları müşayət edən BAMF sədri Umud Mirzəyev Azərbaycanın bu bölgələrdə sosial –iqtisadi infrastrukturun bərpası üçün görülən işlərdən, BAMF-ın müharibədənzərərçəkmiş ərazilərdə həyata keçirdiyi proqramlardan danışıb. Avropa Birliyi nümayəndələri təmas xəttinə yaxın ərazilərdə aparılan minatəmizləmə işlərindən, məcburi köçkünlər üçün tikilən yeni yaşayış massivi ilə tanış olub və bütün bunların sülhün, sabitliyin bərpası üçün vacib işlər olduğunu ifadə ediblər. Daha sonra qonaqlar Avropa Birliyinin dəstəyi ilə vaxtı ilə Tərtər rayonunun İrəvanlı kəndində yaradılmış çiyələk plantasiyaları ilə tanış olub, bu istiqamətdə əməkdaşlıq imkanlarının gücləndirilməsi müzakirə olunub. Ümumilikdə bu səfəri səmərəli qiymətləndirən  Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəsmiləri bu tip səfərlərin birgə layihələrin formalaşmasına və yaxşı nəticələr verməsinə müsbət təsir göstərdiyini bəyan ediblər.

Keçidlər