Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə aztəminatlı ailələrə bizneslərini qurmaları üçün mal və materialların verilməsinə başlanılıb

13 fevral 2017 | 16:00

Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılması üçün onların mal və materiallarla təmin olunmasına başlanılıb.

Tərtər rayonunda mal və materialların təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş təlimçisi Azad Rəhimov,  Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək, ölkəmizdə yoxsulluğun aradan qaldırılması, əhalinin, o cümlədən aztəminatlı vətəndaşların sosial müdafiəsini gücləndirilməsi, məşğulluğunun təmin edilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldüyünü bildirib.

Diqqətə çatdırıb ki, son 13 il ərzində Tərtər rayonunda  8479-u daimi olmaqla, 19 min 650 yeni iş yerləri açılıb. Ötən il rayonda 1157 ailənin 5179 üzvünə sosial yardım təyin edilib. 4 nəfər şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evi tikilib istifadəyə verilib. Cari ildə isə 10 nəfər üçün fərdi yaşayış evlərinin tikintisinə başlanılıb. Rayon Məşğulluq Mərkəzinə 2016-cı ildə 1123 nəfər işaxataran vətəndaş müraciət edib, onlardan 427 nəfəri rayonun idarə, müəssisə və təşkilatlarında peşə və ixtisaslarına uyğun daimi işlə təmin olunub.

Qeyd edilib ki, Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar Tərtər rayonu üzrə 22 nəfər aztəminatlı vətəndaş “Öz biznesinə başla və təkmilləşdir” proqramı çərçivəsində biznes ideyalarına uyğun olaraq 2 aylıq təlim kurslarında iştirak edib. 18 nəfərin hazırladığı biznes plan müsbət qiymətləndirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Milli Məclisin deputatı Sahib Alıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş təlimçisi Azad Rəhimov tədbirdə çıxış edərək, özünüməşğulluq proqramı barədə məlumat verib, aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılmasının əhəmiyyətini yüksək qiymətləndiriblər.

Bildirilib ki, əmək bazarının inkişafı və hər bir əmək qabiliyyətli vətəndaşın səmərəli məşğulluğuna şərait yaradılması Prezident İlham Əliyevin ölkədə güclü iqtisadi potensiala və yüksək sosial standartlara malik cəmiyyətin qurulmasına yönələn sosial-iqtisadi siyasətinin strateji hədəfləri sırasında yer alıb. Bu siyasətin icrası olaraq, ölkədə iqtisadi şaxələndirmə şəraitində əmək tutumlu sahələrin yaradılması və çoxsaylı iş yerlərinin açılması əmək resurslarının səmərəli məşğulluğunun təminatında əhəmiyyətli rol oynayır. Dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı isə dövlət məşğulluq siyasətində vətəndaşların özünüməşğulluğuna şərait yaradılmasını nəzərdə tutan yeni bir keyfiyyət mərhələsi açıb. Sərəncam aztəminatlı ailələrin məşğulluğuna və əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaradılmasına, gələcəkdə vergi və sosial sığorta ödəyicilərinin çoxalmasına, digər tərəfdən kiçik və orta sahibkarlığın inkişafına  geniş imkanlar yaradıb. Bu məqsədlə Prezidentin ehtiyat fondundan 6 milyon manat vəsait ayrılıb və ilk dəfə olaraq Azərbaycanda dövlət səviyyəsində özünüməşğulluq proqramının icrasına başlanılıb. Proqram çərçivəsində aztəminatlı ailələrin özünüməşğulluğunun dəstəklənməsi istiqamətində ilk tədbir olaraq Tərtər, Hacıqabul və Laçın rayonları üzrə bir qrup işsiz və işaxtaran vətəndaşa mal və materiallar təqdim edilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının icrası istiqamətində nazirliyin “İşaxtaran və işsiz vətəndaşların özünüməşğulluğunun təşkili tələbləri” əsasında mərhələli şəkildə işlər aparılıb. İlk mərhələdə özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən, 2016-cı ilin aprelin 1-dək məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər seçilərək biznesin təşkili ilə bağlı iki aylıq təlim kurslarına cəlb ediliblər. Kurslarda təlimçilər tərəfindən iştirakçılara biznes fəaliyyətinin təşkili ilə bağlı zəruri bilik və bacarıqlar öyrədilib.

İştirakçılardan 1789 nəfəri kursları uğurla başa vurub. Onların hazırladıqları biznes-planların qiymətləndirilməsi biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında, obyektiv və tam şəffaf şəraitdə keçirilib. Qiymətləndirmədə kursları bitirənlərdən 80 faizinin biznes planları müsbət dəyərləndirilib. Uğurlu hesab edilən biznes-planların 83,6 faizi kənd təsərrüfatı, 9,4 faizi xidmət, 6,6 faizi istehsal, 0,4 faizi ticarət sahələrinə aiddir.

Artıq 10 rayon üzrə ümumilikdə 126 nəfər iştirakçının biznes planlarının reallaşdırılması üçün tələb olunan aktivlərin alınaraq iştirakçılara təqdim olunması prosesinə başlanılıb. Tərtər rayonu üzrə 18 nəfər iştirakçıya biznes planlarına uyğun olaraq fərdi təsərrüfatlarının qurulması üçün mal və materiallar alınıb verilib.

Tədbirdə BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Olqa Kulayevanın videomüraciəti olub. Azərbaycanda aktiv əmək bazarı proqramlarının genişləndirilməsini yüksək dəyərləndirən O.Kulayeva ölkəmizdə özünüməşğulluq proqramının icrasının BƏT tərəfindən daim dəstəkləndiyini vurğulayıb. O, proqramın uğurlu nəticələr verəcəyinə, mal və materiallarla təmin olunan insanların fərdi təsərrüfatlarını inkişaf etdirərək, gələcəkdə uğurlu  ailə bizneslərini quracaqlarına əminliyini ifadə edib.

Özünüməşğulluq proqramının iştirakçısı olan II qrup Qarabağ müharibəsi əlili Əli Əsədov bildirib ki, ailəsi 7 nəfərdən, o cümlədən 2 nəfər azyaşlı uşaqdan ibarətdir: “Dövlət başçısının məlum Sərəncamı bizlərə ailə gəlirlərimizi artırmaq üçün güclü dəstəkdir. Çalışacağıq ki, bu imkandan maksimum faydalanaq, verilmiş mal və materiallardan səmərəli istifadə edək. Ailə bizneslərimizi qurmaq üçün  bizlərə belə bir imkan yaradıldığına görə Prezidentimizə təşəkkürümüzü bildirir və əmin edirəm ki, səy və zəhmətimizlə öz təsərrüfatlarımızı getdikcə genişləndirəcəyik”.

Tədbir iştirakçıları Tərtər rayonunun Seydimli kənd sakinləri Səbinə Məmmədovanın, Leyla Abdullayevanın, Qaradağlı kənd sakini Məmmədəli Məmmədovun, Təzəkənd kənd sakini Habil Zalovun özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar alınıb verilməklə yeni qurulmuş fərdi heyvandarlıq təsərrüfatları ilə tanış olublar. S.Məmmədova, L.Abdullayeva və yeni fərdi təsərrüfata sahib olan digər iştirakçılar onların özünüməşğulluğunun təmin olunması, ailə gəlirlərinin artırılması, ümumən biznes imkanlarına malik olmaları üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər