Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib

03 dekabr 2016 | 16:00

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak ediblər.

Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi və bina ilə tanış oldu.

Məlumat verildi ki, binanın inşasına 2014-cü ildə başlanılıb və bu ilin avqustunda başa çatdırılıb. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin YAP-ın müxtəlif tədbirlərində iştiraklarını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Binanın foyesində “Rəşadətli Azərbaycan Ordusu” fotostendi quraşdırılıb. Fotostenddə erməni işğalçılarının təxribatları zamanı dinc əhaliyə, onların əmlakına, həmçinin təsərrüfatlarına dəyən ziyanı əks etdirən fotolar var. Stenddəki fotolar aprel döyüşlərində düşmənə layiqli cavab verən Azərbaycan Ordusunun qüdrətini, həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin bu hadisələr zamanı xalqın və ordunun yanında olduğunu, onlara dəstəyini nümayiş etdirir.

Məlumat verildi ki, binanın ümumi sahəsi 510 kvadratmetrdir. İkimərtəbəli binada 50 yerlik iclas zalı, iş və texniki otaqlar yaradılıb. Təşkilatın qadınlar şurasının və gənclər birliyinin fəaliyyəti üçün binada hər cür şərait var.

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının 5875 üzvü var. Onların 3121-ni qadınlar, 1449-nu isə gənclər təşkil edir. Partiyanın üzvləri rayonun ictimai-siyasi həyatında fəal iştirak edərək Tərtərin sosial-iqtisadi inkişafı istiqamətində icra olunan layihələrin reallaşmasına töhfə verirlər.

YAP-ın proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Dövlət başçısı yeni binanın açılışı münasibətilə YAP Tərtər rayon təşkilatının üzvlərini təbrik etdi, onlara uğurlar arzuladı.

Keçidlər