Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə pambıqçılığın inkişafı ilə bağlı verilən tapşırıqların icrası ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə edildi

21 sentyabr 2016 | 16:00
Tərtər rayonunda Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 17-də Sabirabad rayonunda keçirilən müşavirədə pambıqçılığın inkişafı ilə bağlı verilən tapşırıqların icrası ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə edilib.

Hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, pambıq qəbulu məntəqələrinin əməkdaşlarının, pambıq istehsalçılarının, fermerlərin, keçmiş qabaqcıl birqadirlərin, sürücü mexanizatorların, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi toplantıda çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Sabirabad rayonunda pambıqçılığın inkişafına dair ümumrespublika müşavirəsində ölkə rəhbərinin respublikamız üçün çox mühüm olan pambıqçılığın inkişafını prioritet məsələ kimi qarşıya qoyduğunu, pambıqçılıqla bağlı çox dəyərli göstərişlər verdiyini bildirdi.  Respublika rəhbəri regionların inkişaf etdirilməsində kənd təsərrüfatının əsas sahəsi kimi pambıq əkiləcək sahələrin artırılması, genişləndirilməsi və bu sahədə keçmiş ənənələrin bərpa olunmasını diqqətə çatdırdı, müşavirədə rayonlarda pambıqçılığın bərpası işinin sürətlə getməsi və bu sahədə keçmiş ənənələrin bərpa olunmasını, həm insanlar, həm də dövlət üçün böyük gəlir gətirəcəyini əminliklə söylədi.

Rayon rəhbəri qeyd etdi ki, Tərtər torpağı çox məsuldar və bərəkətlidir. Həm torpağın xüsusiyyətləri, həm də rayonumuzun iqlim şəraiti pambıq əkini üçün əlverişlidir.  Sovet dönəmində rayonda 11 min hektara yaxın pambıq əkilmiş, 43 min tondan artıq məhsul götürülmüşdür. Vaxtilə Tərtərdə bu sahədə adları tarixə düşən əmək qəhrəmanları yetişmiş, onlardan 5-i Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Lakin ötən əsrin 90-cı illərin əvvəllərində vəziyyət tamamilə dəyişdi. Bunun əsas səbəblərindən biri dünya bazarında pambığın qiymətinin aşağı düşməsi olsa da, digər mühüm səbəb erməni qəsbkarlarının “Sərsəng” və “Madagiz” su anbarlarını işğal etməsi nəticəsində rayonumuzda ciddi su qıtlığının yaranması, sovet dönəmindən qalmış texnika tədricən yararsız hala düşməsidir. Texnikanın çatışmaması, ziyanvericilərə lazımi mübarizə tədbirlərinin görülməməsi kənd əməkçilərində bu sahəyə marağı azalmışdır. Bu gün isə rayonumuzda pambıqçılıqda vəziyyət tamamilə dəyişib. 2015-ci ildə cəmi 550 hektar sahədə pambıq əkilmiş və hər hektardan 16,2 sentner pambıq istehsal edilmişdir. Göründüyü kimi bu da aşağı göstəricidir. Lakin cari ildə rayonumuzun təsərrüfatlarında 1035 hektar sahədə pambıq əkilmişdir. Dövlətin dəstəyi bu sahədə öz nəticələrini göstərir. Belə ki, rayona lizinq yolu ilə müasir texnikanın gətirilməsi, pambığın satınalma qiymətlərinin ötən illərə nisbətən artırılması, insanlarda bu gəlirli sahəyə maraq oyatmışdır.

Cari ildə 4200 nəfərdən çox adam bu sahəyə cəlb olunmuşdur. Hazırda pambıq tarlalarında bol məhsul yetişdirilmiş, məhsul toplanışına başlanılmışdır. Bu il pambıq sahələrinin hər hektarından 20-25 sentner məhsul gözlənilir. Becərilmiş məhsulun vaxtında və itkisiz toplanması, aqrotexniki müddətdə başa çatdırılması üçün səmərəli işlər görülmüşdür. İndiyədək sahələrdən 50 tondan çox “Ağ qızıl” toplanmışdır.
Rayonda pambığın qəbulu və tədarükü üçün ÇTS Aqro MMC və MKT “Qarabağ regional” Tərtər məntəqəsi fəlaiyyət göstərir və hər iki təşkilata üzərinə düşən vəzifənin yerinə yetirilməsi üçün lazımi köməklik göstərilir.

M.Məmmədov bildirdi ki, möhtərəm Prezidentimizin  tərtərlilərə göstərdiyi xüsusi qayğı nəticəsində son 3 ildə rayonumuzda əkin sahələrinin suvarma suyuna olan tələbatını ödəmək məqsədi ilə 41 subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Ölkə rəhbərinin Sərəncamına uyğun olaraq cari təsərrüfat ilində rayonumuzda 14 subartezian quyusunun qazılması işlərinə başlanılmışdır.

Rayonumuzda 2017-ci “Təsərrüfat ili”ndə 3000 hektar pambıq əkilməsini qarşıya məqsəd qoymuşdur. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün bütün qüvvələr səfərbər olmalı, rayonumuz pambıqçılıq sahəsindəki keçmiş şöhrətini özünə qaytarmalıdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi,  “Bu bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda inkişaf edəcək və geniş vüsət alacaqdır”.

Bizdə pambıqçılığın inkişafı ilə bağlı qarşıya qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsi üçün səy göstərəcək, müstəqil dövlətimizin qüdrətinin artırılmasında öz töhfəmizi verəcəyik.

Tədbirdə Hüsənli bələdiyyəsinin sədri İlham Ağayev, keçmiş Azərbaycan Ali Sovetinin deputatı, “Qırmızı Əmək Bayrağı” ordenli, Qaynaq kənd sakini Süleyman Quliyev, keçmiş qabaqcıl sürücü mexanizator, birqadir, Gülabatlı kənd sakini Yusif Orucov, keçmiş sürücü mexanizator, Qaraağacı kənd sakini Rəsul Qasımov, keçmiş sürücü mexanizator, Hacıqərvənd kənd sakini Nərminə Abbasova, keçmiş qabaqcıl kolxoz sədri, Seydimli kənd sakini Sayəddin Musayev, “MKT” MMC-nin “Qarabağ Regional” bölməsinin direktoru Vüqar Ağayev, keçmiş pambıq birqadiri, Dəmirçilər kənd sakini Əjdər Həsənov çıxış edərək pambıqçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, pambıq yığımı mövsümünün başlanması ilə əlaqədar görüləcək işlərdən danışdılar, pambıqçılıqla məşğul olan fermerlərin fikir və təklifləri dinlənildi, “ağ qızıl”ın vaxtında və itkisiz yığılması üçün qarşıda duran vəzifələr müzakirə olundu.

Tədbirin sonunda dövlət qulluğunda uzun müddət xidmətlərinə görə üç nəfər-rayon icra hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Xatirə Məmmədovaya, Subartezian quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyevə respublika Prezidentinin Sərəncamı ilə verilmiş “Tərəqqi” medalı rayon Statistika idarəsinin rəisi Ədalət Məmmədova isə “Dövlət qulluğunda fərqləndiyinə görə” medalı təqdim olundu.
 

Keçidlər