Şriftin ölçüsü :

Saytın rəngi :

Ombudsman Tərtərdə ictimai dinləmə keçirmişdir

23 iyun 2016 | 16:00

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən Tərtər rayonunda ictimai dinləmə keçirilmişdir.

İlk olaraq Müvəkkil və rayon rəhbərliyi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş və önünə tər çiçəklər qoymuşlar.

Tərtər şəhər Gənclər Mərkəzində təşkil olunmuş tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının, bələdiyyələrin, qaçqın və məcburi köçkünlərin,  KİV nümayəndələrinin, habelə çoxsaylı əhali qrupları, ağsaqqallar, qadınlar və gənclər iştirak etmişlər.

Tədbir Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun açılış nitqi ilə başlanmışdır. O, Ombudsman Elmira Süleymanovanı salamlamış, Ombudsmanın yerli sakinlərin, qaçqın və məcburi köçkünlərin hüquqlarını, vəziyyətlərini daim diqqətdə saxladığını, tez-tez buraya, təmas xəttinə səfərlər etdiyini, əhali, əsgər və zabitlərlə görüşdüyünü yüksək dəyərləndirmiş, növbəti ictimai dinləmənin bu rayonda keçirilməsinə görə təşəkkürünü bildirmiş, insan hüquqlarının müdafiəsi və təbliği sahəsində burada həyata keçirilən tədbirlər haqqında danışmışdır.

Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində respublikamızda, o cümlədən Tərtər rayonunda böyük sosial-iqtisadi inkişafın, bütün sahələri əhatə edən geniş islahatların həyata keçirildiyini, ölkə başçısının rayonun inkişafına hər zaman dəstək olduğunu, habelə MFP-yə uyğun olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin olunması istiqamətində işlərin davamlı olaraq aparıldığını, abadlıq-quruculuq işlərinin davam etdirildiyini, mövcud ehtiyaclar üzrə kompleks tədbirlərin görüldüyünü qeyd etmişdir.

Bildirilmişdir ki, , son illərdə rayonumuzda tikinti-quruculuq abadlıq işləri geniş vüsət almış, rayon tanınmaz dərəcədə gözəlləşmişdir. Bu gün Tərtər şəhəri dövlət başçısı İlham Əliyev cənablarının diqqət və qayğısı sayəsində kiçik Avropa şəhərləri ilə müqayisə ediləcək dərəcədə dəyişmişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası rayonda sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına, insanların rifah halının yüksəldilməsinə müsbət təsirini göstərmişdir.

Rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli 6 mərtəbəli yaşayış binası tikilib istifadəyə verilmişdir. Ev növbəsində olan 10 nəfər şəhid ailəsi və Qarabağ müharibəsi əllillərinə fərdi yaşayış evləri tikilir. Bu günlərdə həmin evlərin 4-ü istifadəyə verilmişdir.

Tərtər şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasında və müasir tələblərə cavab verən Şahmat məktəbi tikintisində son tamamlanma işləri gedir.

Şəhərdə bütün yaşayış binalarının dam örtüyü əsaslı təmir olunaraq müasir mansard üslübunda yenidən vurulmuşdur.
H.Əliyev prospektində yüksək gərginlikli hava xəttinin 1300 metri SİP kabellə yeraltı çəkilmiş, ərazidə olan köhnə işıq dirəkləri ləğv edilmişdir.

Gənclər Mərkəzinin və Təhsil şöbəsinin inzibati binasının fasad hissələri aqlay daşı ilə üzlənmiş və gecə işıqlanması sistemi ilə təchiz edilmişdir. YAP-ın inzibati binasının, Mədəniyyət evinin, Şahmat məktəbinin və rayon icra hakimiyyətinin inzibati binasının fasad hissələri gecə işıqlanma sistemi ilə təchiz edilmişdir.

H.Əliyev prospektində bir çox idarə və təşkilatların yerləşib fəaliyyət göstərdiyi üçmərtəbəli inzibati binanın fasad hissələri aqlay daşı ilə üzlənmiş, pəncərələri dəyişdirilmiş, binanın fasadı gecə işıqlanması sistemi ilə təchiz edilmişdir.

Tərtər çayı sahilində 2.5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılmışdır. Hazırda ərazinin səviyyəsinin qaldırılması üçün torpaq daşınması işləri görülür.

Azərbaycanın Milli Qəhrəmanı V.Orucovun adına yeni verilmiş küçədə təmir-abadlıq işləri aparılmış, istinad divarları bəzək daşları ilə üzlənmiş, gecə işıqlanma sistemi quraşdırılmış, yola asfalt örtüyü çəkilmiş və küçənin girişində V.Orucovun baralyefi quraşdırılmışdır. “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun adını daşıyan küçədə açılış hazırdır. Digər şəhidlərin adı verilmiş daha 2 küçədə də işlər yekunlaşmaq üzrədir
2015-ci il ərzində rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində 26 mindən çox müxtəlif növ ağaclar və gül kolları əkilmiş və 5000 kv.metr yaşıl qazon salınmışdır.


2015-ci ilin iyun ayından uzun illərdən bəri problem olaraq qalan Tərtər şəhəri və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması layihəsinin icrasına başlanılmışdır. Layihədə 110 km içməli su xəttinin və 110 km kanalizasiya sisteminin çəkilməsi nəzərdə tutulmuşdur. Hazırda Tərtər şəhərinin 13 küçəsində qazıntı və quraşdırma işləri aparılmış, 25974 metr magistral kanalizasiya xətti, 3627 metr artezianlararası və təzyiqsiz maqistiral su xətti, 25867 metr şəhərdaxili və məhəllədaxili su şəbəkəsi xətti çəkilmişdir.

Rayonumuzun sakinləri hələ də 2016-cı ilin may ayının 1-i sevincini yaşayırlar. Çünki tarixə çevrilmiş həmin gün xalqımızın böyük oğlu, Heydər Əliyevin davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev rayonumuza üçüncü səfəri idi. Bu tarixi səfər rayon əhalisi tərəfindən rəğbətlə qarşılanmışdır.

Ölkə başçısı öz xanımı ilə birlikdə düşmənin 200 metrliyində təmas xəttində yaşayan Qapanlı kəndinin sakinləri ilə görüşmüş, dağıdılmış evlərə baxmış, hərbi hissədə olmuşdur.

1-5 aprel döyüşlərindən sonra respublika Prezidentinin Tərtərə səfəri insanlarda yüksək əhval-ruhiyyə yaratmışdır. Tərtərlilər bir daha rayonumuza, onun sakinlərinə ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğının şahidi olmuş, bir daha əmin olmuşlar ki, Ali Baş Komandan öz dediyi kimi hər bir vətəndaşın Prezidentidir.

Rayonumuzda qaz, işıq problemi demək olar ki, yoxdur. İndiyədək 38 yaşayış məntəqəsi qazlaşdırılmış, 8 kəndin qazlaşdırılması isə başa çatmaq üzrədir, 7 yaşayış məntəqəsində isə işlər davam etdirilir.

Habelə ölkə başçısının tapşırıqları əsasında kənd təsərrüfatının, baramaçılığın və pambıqçılığın daha da inkişaf etdirildiyi, bütün növ meyvə-tərəvəzin rayonun öz ərazisində əkildiyi, bu işlərin sürətləndirlməsi, boş torpaqların, habelə həyətyanı sahələrin becərilməsi ilə bağlı əhali ilə mütəmadi söhbətlərin aparıldığı diqqətə çatdırılmışdır.

MFP-nin icrası, təbliği və tətbiqi vəziyyəti üzrə məruzə edən İnsan Hüquqları üzrə Müvəkkil vurğulamışdır ki, Ümummilli liderimiz Heydər Əliyev xalqımızın istəyi və tələbi ilə hakimiyyətə qayıtmış, Ulu öndərin parlaq zəkası bütün sədləri yararaq ölkəmizi olduqca mürəkkəb zamanın burulğanlarından qurtarmış, bütün dünyada layiqli mövqe qazandırmışdır. Milli qurtuluşumuzun müəllifi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin ölkəmizin inkişafı və daha da çiçəklənməsinə yönəlmiş məqsədyönlü siyasətinin, eyni zamanda onun ordu quruculuğu sahəsində ölçüyəgəlməz fəaliyyətini layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Onun mühüm xidmətləri, səyləri nəticəsində Azərbaycan demokratik inkişafa, insan hüquqlarının təmininə yönəlmiş dövlət quruculuğu yolu ilə inamla irəliləyərək, regionda həm iqtisadi, həm də siyasi cəhətdən lider dövlətə çevrilmişdir.

Müvəkkil bu dəstək və qayğı nəticəsində Tərtərin daha çox inkişaf etdiyini, rayonda aparılan geniş və əsaslı quruculuq işlərinin şahidi olduğunu vurğulamış, yeni və davamlı inkişaf mərhələsində bu rayonda da əhalinin, o cümlədən qaçqın və məcburi köçkünlərin maraqlarına xidmət edən irimiqyaslı işlərin geniş vüsət aldığını, Regionların sosial-iqtisadi inkişaf Proqramının uğurla həyata keçirildiyini, bunun isə insan hüquqlarına birbaşa təsir göstərdiyi diqqətə çatdırılmışdır.

Ombudsman qələbə ilə nəticələnmiş Aprel döyüşləri haqqında məlumat vermiş, mənfur düşmən tərəfindən işğal olunmuş torpaqlarımızın bir qisminin geri qaytarılmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun göstərdiyi şücaətləri, xalqımızın bir qüvvə kimi birləşdiyini vurğulamışdır. O, həmin vaxtlar döyüş bölgəsinə, Tərtər rayonuna da gəldiyini, düşmənlə 200 metr məsafədə olan Qapanlı kəndində olduğunu bildirdi.

Sonra insan hüquqları sahəsində ölkəmizdə qəbul olunmuş üç mühüm sənəd haqqında danışan Ombudsman dövlət müstəqilliyinin ilk illərindən iqtisadi və sosial sahələrlə yanaşı Azərbaycanda həyata keçirilən hüquqi islahatlar haqqında geniş məlumat vermişdir. O, Milli Fəaliyyət Proqramının normativ-hüquqi bazanın təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq, habelə sənədin həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsindən bəhs edən fəsilləri üzrə mövcud təcrübə əsasında geniş şəkildə fikirlərini bölüşmüşdür.

Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə islahatların insan hüquqlarının müdafiəsinə mühüm töhfə verdiyini vurğulayan Müvəkkil vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığı və keyfiyyəti, elektron xidmətlər, habelə bir çox problemlərin qarşısının alınması baxımından ASAN Xidmət Mərkəzlərinin və səyyar qruplarının uğurlu fəaliyyətini nümunə göstərməklə yüksək dəyərləndirmişdir.

Çıxışının sonunda Müvəkkil ictimai dinləmələrin əsas əhəmiyyətini bir daha vurğulamış, müzakirələr nəticəsində verilmiş təklif və tövsiyələrin ümumiləşdirilərək zəruri tədbirlərin görülməsi üçün müvafiq dövlət orqanlarına göndəriləcəyini bildirmişdir.
İnteraktiv və fəal şəraitdə keçən müzakirələrdə rayon məhkəməsi Nadir Əsgərov, Rayon prokuroru Azər Hətəmov, Seydimli bələdiyyəsinin sədri Mədinə İmanova, Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, Səhləbad kənd tam orta məktəbinin direktoru Validə Mahmudova çıxış edərək, bu tədbiri yüksək dəyərləndirmiş, fəaliyyətləri, rayonda MFP və insan hüquqları üzrə keçirilmiş tədbirlər və digər məsələlər barədə məlumat vermişlər.
Tədbirin sonunda MFP-nın hər il üzrə icra vəziyyəti ilə bağlı nəşr olunan kitablar, MFP-nin nüsxələri, İctimai iştirakçılıq haqqında qanunvericilik toplusu, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər təqdim olunmuşdur.

Sonra Müvəkkil ona müraciət edən şəxsləri də fərdi şəkildə qəbul etmiş, qaldırılan məsələlər üzrə yerində araşdırma aparılaraq aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, bəzi müraciətlər üzrə səlahiyyəti çərçivəsində tədbirlərin görülməsi məqsədilə qəbul edilmişdir.

Ombudsman rayona səfəri zamanı Müdafiə Nazirliyinin təmas xəttində yerləşən N saylı hərbi hissəsində olmuş, zabit və əsgərlər qarşısında çıxış etmişdir. O, aprel döyüşləri zamanı Azərbaycan ordusunun, o cümlədən Tərtər rayonu ərazisində xidmət edən hərbçilərin şücaətini xüsusi vurğulamış, yeni qələbələr arzulamışdır. Sonra rayonun təmas xəttində yerləşən Qapanlı kəndində olmuş, sakinlərlə görüşmüşdür.
 

Keçidlər