Şriftin ölçüsü :

Saytın rəngi :

Baş nazirin müavini Əli Həsənov Tərtər rayonunda olub

18 may 2016 | 16:00

17-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər rayonunda olub. O, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə apreldə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində dağılmış evlərə baxıb.

Diqqətə çatdırılıb ki, təmas xəttində yerləşən ərazilərimiz işğalçı Ermənistanın təxribatçı hücumları nəticəsində mütəmadi olaraq atəşə tutulub, məcburi köçkünlərə və yerli sakinlərə ciddi ziyan dəyib, evlər dağıdılıb, hərbçilər və mülki sakinlər həlak olub. On yeddi məcburi köçkün həlak olub, 40 nəfər yaralanıb. Məcburi köçkünlərin məskunlaşdığı 452 mənzil zərər çəkib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf edilib. Dağılmış evlərdə artıq bərpa işlərinə başlanılıb.

Zərər çəkmiş sakinlərlə söhbəti zamanı Əli Həsənov onların dağılmış bütün evlərinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə yüksək keyfiyyətlə bərpa olunacağını diqqətə çatdırıb. O bildirib ki, zərərçəkmiş bütün evlər əvvəlkindən də yaxşı səviyyədə bərpa ediləcək.

Əli Həsənov Azərbaycan Silahlı Qüvvələrinin aprelin əvvəllərində döyüş meydanında öz gücünü göstərdiyini, ermənilərin ordumuz qarşısında aciz qaldıqlarını, beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki əhaliyə atəş açdıqlarını söyləyib.

Qoşunların təmas xəttinə yaxın ərazilərdəki kəndlərin sakinlərinin xalqımızın qürur mənbəyi olduğunu vurğulayan Baş nazirin müavini onların burada, təhlükəli yerdə, düşmənlə üz-üzə yaşadıqlarını, öz yerlərində möhkəm dayandıqlarını deyib. O, düşmənin təxribat xarakterli hərəkətlərinə layiqli cavab verən Azərbaycan Ordusunun cəbhənin bütün istiqamətlərindəki uğurlarının xalqımızda qürur hissi yaratdığını bildirib.

Sakinlər düşməndən qorxmadıqlarını, öz torpaqlarında möhkəm dayandıqlarını, əhval-ruhiyyələrinin yüksək səviyyədə olduğunu, Prezident, Ali Baş Komandan İlham Əliyevə, ordumuza arxalandıqlarını söyləyib, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Həmçinin qeyd ediblər ki, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın cəbhə bölgəsindəki rayonlara səfəri, əsgər və zabitlərlə, buradakı kəndlərin sakinləri və məcburi köçkünlər ilə görüşü onlarda böyük ruh yüksəkliyi yaradıb və qələbəyə inamı daha da artırıb.

Keçidlər