Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidinin ad günü qeyd edildi

06 oktyabr 2021 | 16:00

Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, veteranlar təşkilatlarının nümayəndələri, qazilər və şəhidin yaxınları şəhidin məzarını və onun xatirəsinə ucaldılmış bulaq abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Sonra şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.

N saylı hərbi hissənin giziri Hüseynov Aslan Malik oğlu 06 oktyabr 1988-ci ildə Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aslan Hüseynov oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Tərtər rayonunun Qaradağlı kəndində dəfn olunub.

Şəhid Hüseynov Aslan Malik oğlu 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Keçidlər