Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbir keçirilib

03 iyul 2021 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin və AFFA-nın birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Tərtər rayonunda keçirilib.

Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və millət vəkili Sahib Alıyev Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Səhləbad və Əskipara kəndlərində keçirilən tədbirdə  öncə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayaraq layihənin əhəmiyyətindən, ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. Sonra 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsindən bəhs edib. Bildirib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Vurğuladı ki, 44 gün davam edən Vətən müharibəsi dövründə məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəridə daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Bunun nəticəsində 16 nəfər mülki şəxs şəhid olub, 63 nəfər isə yaralanıb. İndi toplaşdığımız Səhləbad və Əskipara kəndləri də düşmənin ən çox artileriya atəşinə və dağıntıya məruz qalan yaşayış məntəqələrimizdən biridir. Düşmənin təxribatlarına baxmayaraq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək layihə haqqında məlumat verib. Bildirib ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək bildirib ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Dövlətimiz bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur.

Qeyd edək ki layihə çərçivəsində keçirilən tədbirdə rayonun Səhləbad və Əskipara kəndlərindən 50 məktəbli uşaq iştirak edib. Tədbirdə iştirak edən uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

 

Keçidlər