Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Nicat İsgəndərovun 5-ci ildönümü qeyd edildi

02 aprel 2021 | 16:00

Tərtər rayonundan 2016-cı ilin Aprel döyüşlərində Fizuli istiqamətində gedən vuruşlarda şəhid olmuş İsgəndərov Nicat Bəhruz oğlunun 5-ci ildönümü qeyd olunub. Bu münasibət ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev şəhidin ailəsində olmuş, onun xatirəsi yad edilmiş, keçdiyi döyüş yoluna bir daha nəzər salınmışdır. Şəhidin atası Bəhruz kişi və anası Maya xanımın, yaxınlarının onunla bağlı xatirələri dinlənilmişdir.

Nicat İsgəndərov ölümündən sonra aprel döyüşlərində göstərdiyi sücaətlərə görə “İgidliyə görə” medalı ilə təltif olunub. Onun adı əbədiləşdirilərək şəhərin ən böyük küçələrindən birinə verilib. İctimaiyyət nümayəndələri şəhidin 5-ci ildönümündə onun adını daşıyan küçədə olmuş, xatirəsini ehtiramla yad edərək, baralyefi önünə gül dəstələri düzmüşlər.

Şəhər 3 saylı ümumi orta məktəbin şagirdləri şəhidin məzarını ziyarət etmiş, məzarı önündə kompozisiya nümayiş etdirmişlər.

Nicat İsgəndərovun valideynləri şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər