Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Novruz bayramı münasibəti ilə tərtərlilərə təbriki:

20 mart 2021 | 16:00

Əziz tərtərlilər, Sizi Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, xoşbəxtlik, süfrələrinizə bol ruzi, bərəkət arzulayıram.

Bu ilki Novruz  bayramı seçilən və daha yaddaqalandır. 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan möhtəşəm Qələbə-Zəfər günü Müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olundu. Otuz ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda qalanan bayram tonqalları neçə illik yurd həsrətimizə, nisgilimizə son qoydu. İlaxır çərşənbəsində  Möhtərəm Prezidentimizin ailə üzvləri ilə birlikdə Şuşaya səfəri, hərbiçilərimizin çatdığı Bayram tonqalı qəlblərdəki doğma yurd həsrətinin buzlarını əritdi, bir daha düşmənə mənəvi zərbə vurdu, şəhidlərimizin ruhu şad oldu.

Qoy bir daha çatılan  tonqallarımız sönməsin!

Novruz bayramı əsrlərin sınağından çıxmış, ta bu günədək gəlib çatmış milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Milli Bayramımızdır. Xalqımız min illərdir ki, Novruzun gəlişini bayram edir.

Ötən il olduğu kimi bu il də koronavirusa görə kütləvi tədbirlər keçirə bilmirik. Hər birimiz anlayırıq ki, dövlətimiz tərəfindən görülən tədbirlər xalqımızın sağlamlığının təmin edilməsi üçündür. Bunun üçün  hər bir vətəndaş öz məsuliyyətini dərk etməli,  qaydalara riayət etməlidir, birlikdə xəstəliyə qarşı mübarizə aparmalıyıq, necə ki, düşmənə qarşı birləşib  qələbə qazandıq, pandemiya üzərində də birlikdə qələbə qazanacağıq.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, birinci vitse-Prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə tezliklə işğaldan azad edilmiş torpaqlarımız, şəhər və rayonlarımız bərpa ediləcək, Novruz bayramı xalqımıza  sevinc, bol ruzi, bərəkət gətirəcək. Yazın ilıq nəfəsindən yad nəfəsdən solan xarıbülbül yenidən açacaq.

Müharibədə evlərimiz dağılsa da, şəhidlərimiz olsa da möhtəşəm qələbə qazandığımız üçün bu ilki Novruz bayramı daha qürurvericidir.

Bir daha Sizləri Novruz bayramı münasibəti ilə təbrik edir, Sizə ən xoş arzularımı çatdırır, şəhid anaları qarşısında baş əyirik!

Bayramınız mübarək!

Keçidlər