Şriftin ölçüsü :

Saytın rəngi :

MƏNİM ÜÇÜN BİRMƏNALI QAYDADA TƏRƏDDÜDSÜZ İNSANLARIN SAĞLAMLIĞI HƏMİŞƏ BİRİNCİ YERDƏ OLUB–İLHAM ƏLİYEV

11 iyun 2020 | 16:00

Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə dünya ölkələri sırasında öncül yerlərdən birini tutur. Elə ilk günlərdən, hələ Azərbaycanda bu virusa yoluxan olmadığı halda Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə pandemiyanın geniş yayılmaması üçün qabaqlayıcı tədbirlər həyata keçirildi, ciddi hazırlıq işləri görüldü, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, əhalinin bu yoluxucu xəstəliklə bağlı maarifləndirilməsi diqqət mərkəzində saxlanıldı. Xəstələrin müayinəsi və müalicəsi üçün xüsusi yerlər müəyyən edildi, xəstəxanalar ayrıldı, müasir tibbi avadanlıqlar alınıb gətirildi. Dövlət büdcəsindən bu məqsədlə küllü miqdarda–milyardlarla vəsait ayrıldı. Görülən bu həllivacib tədbirlər, əlbəttə, öz səmərəsini verdi və əhali arasında bu qorxulu epidemiyanın daha geniş yayılmasının qarşısı alındı.

Ölkə başçısı tərəfindən hazırda da koronavirus pandemiyasına qarşı ciddi tədbirlərin görülməsi davam edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında onların iştirakları da bu vacib sahəyə diqqətin əsas təzahürüdür.

Prezident İlham Əliyev öz nitqində qeyd etdi ki, Azərbaycan vətəndaşları koronavirus pandemiyası ilə bağlı bizim bütün addımlarımızı dəstəkləyirlər. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır.

Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik.
Sonra ölkə başçısı söyləyib ki, bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur.

Ölkə başçısı sonra qeyd etdi: “Qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq”. Bu məqsədlə yeni laboratoriyalar alınıbdır. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Koronavirus xəstələrini müalicə etmək üçün bizim ən qabaqcıl xəstəxanalar ayrılıb, onlara təqdim edilib, o cümlədən “Yeni klinika” - bizim ən gözəl, ən müasir xəstəxanamız və digər xəstəxanalar. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Eyni zamanda, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb.

Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir.

Ölkəmizdə modul tipli üç xəstəxana açılır. Bu xəstəxanalarda koronavirus xəstələri müalicə olunacaq və beləliklə, koronavirusla bağlı mübarizədə növbəti önəmli addım atılır. Ümid edirəm ki, yaxın gələcəkdə - təxminən ayın sonuna qədər qalan 6 xəstəxana da istifadəyə veriləcəkdir. Beləliklə, bizim əlavə iki min çarpayımız olacaqdır və bu, koronavirusla bağlı mübarizədə imkanlarımızı daha da genişləndirəcək.

Dövlət rəhbəri koronavirus pandemiyası ilə mübarizədə özəl sektorun da müsbət rolundan ətraflı danışdı. Sonra Prezident göstərdi ki, bildiyiniz kimi, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb.

Ölkə başçısı onu da qeyd etdi ki, karantində qalanlara hər cür şərait yaradılır. Dövlət bunun üçün bütün imkanlardan maksimum istifadə edir.

Sonra Prezident İlham Əliyev dedi ki, Xaricdə qalan vətəndaşlarımız da hər zaman diqqətimizdədir və onların ölkəyə gəlməsi üçün bütün mümkün vasitələrdən istifadə edilir.

Təsadüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə.

Ölkə rəhbəri onu da qeyd etdi ki, pandemiyayla mübarizədə həkimlər ön xəttədir və tibbi personal dövlətin qayğısını hiss edir, onlar bu çətin günlərdə vətəndaşlarımızın sağlamlığı üçün çalışırlar.

Prezident İlham Əliyev onu xüsusi qeyd etdi ki, koronavirus pandemiyasına qarşı mübarizədə artıq bəzi məhsullar Azərbaycanda istehsal edilir.

Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı. İki müəssisə indi fəaliyyətdədir. Dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur. Eyni zamanda, Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur.

Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın təklifləri diqqətə alınır. İndiyə qədər bu məqsədlə Azərbaycanın təşəbbüsü ilə videokonfrans formatında bir neçə beynəlxalq tədbirlər keçirilib.

Ölkə başçısı həm də göstərdi ki, bu çətin şəraitdə Azərbaycan sadəcə öz problemlərini həll etmir, eyni zamanda başqa dövlətlərə də yardım edir. Bununla paralel olaraq, biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib.Prezident İlham Əliyevin bu dəfəki nitqində də Azərbaycanda iqtidar-xalq, dövlət-vətəndaş birliyinin sarsılmazlığı öz əyani təsvirini bir daha tapdı.

                                                                                                                                                                         “Yeni Tərtər”

Keçidlər