Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllülük gəncliyin sabaha açılan pəncərəsidir

19 may 2020 | 16:00

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ili “Könüllülər İli” elan etmişdir. Həmin sərəncamda göstərildiyi kimi Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini daim yaşatmışdır.

Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır.

Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar.

Ötən il 5 dekabr Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş Könüllülük Həftəsi ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirmişdir.

Könüllülük fəaliyyəti sahəsində Azərbaycan Könüllülərinin əlaqələndirmə Mərkəzinin xüsusi yeri vardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azarbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini ardıcıl davam etdirir.

Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan Mərkəzin işinin əlaqələndirilməsi AR Gənclər Fondu tərəfindən həyata keçirilir.

AKƏM-in çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər.

“Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər. Ümumilikdə, ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan 6254 ailəyə dəstək göstərilməsində iştirak etmişdir.

Könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərin keçirilməsinə köməklik göstərirlər.

AKƏM çərçivəsində digər bir layihə ölkədə qan qıtlığı səbəbindən talasimiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında könüllülərin iştirakı ilə bağlı olmuşdur. 8 aprel tarixindən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü Donor” aksiyasına start verilmişdir. Bu nəcib aksiya çərçivəsində könüllülər Qan Bankının paytaxtda və regionlarda yerləşən bölmələrində qan vermə aksiyasında fəal iştirak etmişlər.

Könüllülüyün həqiqətəndə könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti bununla yekunlaşmır. Onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanılması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.

Könüllülük fəaliyyətinə Tərtər rayonunda da mühüm əhəmiyyət verilir və bu iş daim rayon rəhbərliyinin diqqət mərkəzində saxlanılır.

Rayon İcra Hakimiyyətində 15 nəfər Ali təhsilli gənc Könüllülük fəaliyyətinə cəlbolunmuşlar. Bunlardan 5 nəfəri İcra Hakimiyyətində Dövlət Qulluğuna işlə təmin olunub. Bu gənclərin hamısına Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xüsusi sertifikat verilib. 1 nəfər gənc könüllü isə Tərtər Gənclərin İnkişaf  və Karyera Mərkəzinin Rəhbəri təyin olunub. Həmin mərkəz hal-hazırda rayonun 30 nəfər gənc aktiv könüllüsü ilə öz fəaliyyətini davam etdirir.

Bunlarla yanaşı, rayonun ayrı-ayrı idarə, müəssisə və təşkilatlarında da gənc könüllülər fəaliyyət göstərirlər. O cümlədən Dövlət Aqrar İnkişaf Mərkəzində, Rayon Mərkəzi Xəstəxanasında, Gənclər və İdman İdarəsində, YAP Tərtər Rayon Təşkilatında, Regional İnkişaf İctimai Birliyinin yuxarı Qarabağ nümayəndəliyində, Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon Mədəniyyət Mərkəzində könüllülər müxtəlif işlərə cəlb olunmuşlar.
Könüllülər rayonun ictimai-siyasi həyatında, sənaye və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərməklə ümumi işə öz layiqli töhfələrini verirlər.

                   Günel SARIZADƏ

                 “Yeni Tərtər” qəzetinin əməkdaşı

Keçidlər