Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi

06 mart 2020 | 16:00

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Tərtər rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birgə tədbir keçirib. Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak edib.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov zərif cinsin nümayəndələrini bayram münasibətilə təbrik edib, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs edib. Bildirilib ki, milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər.

İndi Azərbaycan qadınlarının səsi dünyanın hər yerindən eşidilir. Biz bunu Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevanın timsalında daha aydın görürük. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKONUN xoşməramlı səfiridir. Mehriban xanım Əliyevanın təhsilimizin, mədəniyyətimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, misilsiz xidmətləri var. Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir.

Rayon rəhbəri Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verdiyini, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, onların fədakar əməyinin yüksək qiymətləndirildiyini, müxtəlif sahələrdə çalışan qadınlara fəxri adların, fərdi təqaüdlərin verildiyini, orden və medallarla təltif olunduğunu diqqətə çatdırılıb.

Qeyd olunub ki, ölkəmizin hər yerində olduğu kimi, tərtərli qadınlar da rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Rayon əhalisinin 50,3 faizini qadınlar təşkil edir. Rayon qadınlarının 2446 nəfəri təhsil, 736 səhiyyə, 246 mədəniyyət müəssisələrində və digər sahələrdə, 40 nəfəri dövlət qulluğunda çalışır. Təhsilin inkişafında xidmətilərinə görə 6 nəfər qadın “Əməkdar müəllim” adına layiq görülüb, 4 nəfər qadın müəllim “Tərəqqi” medalı ilə təltif olunub. Ötən il isə 8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova “Tərəqqi” medalına layiq görülüb.

Tədbirdə rayon polis şöbəsinin rəisi Elçin Qasımov, YAP rayon təşkilatının sədri Ramiz Şabanov, Tərtər hərbi məhkəməsinin sədri İlqar Quliyev, təhsil şöbəsinin müdiri Yaşar Məhərrəmov çıxış edərək qadınları bayram münasibəti ilə təbrik edib,  ölkəmizdə qadınlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına, qiymətli hədiyyələr, Fəxri Fərmanlar verilib. 2019-2020-ci tədris ilində ali məktəbə qəbul olan,  tədris ilinin birinci semestrini əla qiymətlərlə başa vuran dörd nəfər tələbəyə isə rayon icra hakimiyyətinin başçısı öz əmək haqqından ayırdığı və hər birinə 100 manat olmaqla 400 manat məbləğində aylıq təqaüd təqdim edib.

Keçidlər