Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda 10 yaşayış məntəqəsini birləşdirən yolun yenidənqurulması və əsaslı təmir işlərinə başlanılıb

20 fevral 2020 | 16:00

Son dövrlərdə respublikamızda yol infrastrukturunun yenidən  qurulması diqqət mərkəzində saxlanılır. Kənd və qəsəbələri birləşdirən yollar müasir tələblər səviyyəsində yenidən qurulur. Bu layihələrin icrasında əsas məqsəd ilk növbədə, vətəndaşların sosial məsələlərinin həllini, nəqliyyat vasitələrinin maneəsiz və rahat hərəkətini təmin etməkdir. Bu məqsədlə Tərtər rayonunda da, yeni yollar inşa edilir. Bu günlərdə 2019-2023-cü illərdə Azərbaycan Respublikasının Regionlarının Sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan uzunluğu 33,5 kilometr olan, 10 yaşayış məntəqəsini birləşdirən Səhləbad-Əskipara- Qaraağacı- Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli kəndlərarası avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması və əsaslı təmiri işlərinə başlanılıb.

Hazırda yolun yatağı işlənilir, genişləndirilməsi aparılır. Yolun çiyin hissəsində yerləşən və genişləndirməyə mane olan kommunikasiya xətləri qaydaya salınır. Yolun üzərində olan köhnə suötürücülər təzələnir, böyük diametrli suötürücülərlə əvəz edilir.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov görülən işlərlə yerində tanış olmaq üçün Əskipara kəndində olub, sakinlərlə və iş icraçıları ilə görüşüb, lazimi tövsiyyələrini verib və kəndin digər problemləri ilə maraqlanıb.

Rayon rəhbəri həmçinin rayonun daxili imkanları hesabına evi qəzalı vəziyyətdə olan dam örtüyü dəyişdirilərək yenidən vurulan Əskipara kənd sakini, Qarabağ müharibəsi əlili Əsədov Əlinin evində də olub, onun qayğıları ilə maraqlanıb.

Kənd sakinləri 10 kəndi əhatə edən kəndlərarası avtomobil yolunun çəkilişi ilə bağlı Respublika Prezidenti möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Yeni yolun inşası ilə həmin kəndlərin əhalisinin rayon mərkəzinə və qonşu rayonlara rahat gediş-gəlişi təmin olunacaq, onlar yetişdirdikləri kənd təsərrüfatı məhsullarını tez və itkisiz olaraq mənzilbaşına çatdıracaqlar. Bu isə vətəndaşların sosial rifah halının yüksəlməsinə sərait yaradacaq.

Keçidlər