Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Sarov kəndində səyyar qəbul-görüş keçirdi

07 fevral 2020 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti başçısının Sarov kəndində səyyar qəbul görüşü olmuşdur.

Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.

Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 2019-cu ilin dərin islahatlar ili olduğunu qeyd etdi. Bildirdi ki, bu islahatlar həm siyasi, iqtisadi, həm sosial sahələrdə, həm də kadr və struktur sahələrini əhatə etdi. Ötən il Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində ölkədə maaşlar, pensiyalar, təqaüdlər, müavinətlər demək olar ki, bir ildə iki dəfə-mart və sentyabr aylarında artdı.

Vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil oldu və bu da öz növbəsində çox geniş sosial paketin reallaşmasına zəmin yaratdı. Azərbaycan tarixində bu dərəcədə böyük sosial paket bu günə qədər heç vaxt reallaşmayıb.

Prezidentin struktur, kadr islahatıları təkcə ölkə əhalisi deyil, beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi.Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına daxil etdi.Bu da onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir.

İcra başçısı rayonda gedən tikinti-abadlıq işlərini, kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətləri də dilə gətirdi. Qeyd olundu ki, rayon taxılçıları bu il buğda istehsalında hər hektardan 41,6 sentner məhsuldarlıq əldə ediblər. Bu il dövlətə 11.936,2 ton “ağ qızıl” vermişik, hər hektardan 34,8 sentner məhsul götürülüb. Tərtərlilər pambıq yığımında məhsuldarlığa görə birinci yerdədirlər.

Son beş ildə rayonda tikinti abadlıq işləri geniş vüsət alıb, yeni yollar çəkilib, körpülər tikilib, yeni inzibati binalar, körpələr evi-uşaq bağçası istifadəyə verilib.İndi tərtərlilərin müasir Tarix-diyarşünaslıq muzeyi, Uşaq-Gənclər Şahmat məktəbi, YAP rayon şöbəsinin yeni inzibati binası var, rayonda pambıq emalı zavodu, xalçaçılıq sexi, fəaliyyət göstərir. Hazırda şəhərdə ayrılmış 4 hektar ərazidə möhtəşəm Olimpiya İdman Kompleksinin tikintisi başa çatıb.

Olimpiya İdman Kompleksində mini futbol meydançası, üzgüçülük hovuzu, əl oyunları, boks, taekvando, güləş üçün zallar, otel fəaliyyət göstərəcək.

Şəhərin girişində Dövlət Bayrağı Meydanında isə Dövlət Rəmzləri Muzeyi var. Burada sərgi zalı ilə yanaşı inzibati və yardımçı otaqlar da olacaq.Bütün görülən işlərin mərkəzində insan amili, onun maddi rifah halının yaxşılaşdırılması durur.

Sarov kənd İƏD üzrə nümayəndə Surxay Hüseynov kənd haqqında məlumat verdi.Bildirdi ki, Sarov kəndinin 356 təsərrüfatı, 508 nəfər əhalisi, 574 hektar ərazisi var. Ərazidə 1 tam orta məktəb, 1 feldşer-mama məntəqəsi, 1 kitabxana, 29 ticarət köşkü və iaşə obyekti fəaliyyət göstərir.

Qeyd olundu ki, ötən illərdə olduğu kimi, 2019-cu ildə də Sarov kəndində kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılmışdır. Havaların quraq keçməsinə baxmayaraq hər hektardan 44,4 sentner buğda, 47,5 sentner arpa, 37,6 sentner pambıq, 113,1 sentner kartof, əldə olunmuşdur.Dövlət tərəfindən fermerlərə payız və yaz əkinlərinə görə hər hektara 50 manat olmaqla 51034,00 manat subsidiya ödənilmişdir. İcra nümayəndəsi heyvandarlığın inkişafı sahəsində də nəzərəçarpacaq irəlləyiş əldə edildiyini bildirdi.

İcra nümayəndəsi bildirdi ki, 12 km arx lildən təmizlənmiş, sahələri suvarmaq üçün dörd ədəd su ötürücü boru qoyulmuş, baramaçılığın inkişafı üçün 3000 ədəd çəkil tingi əkilmişdir.

Kənddə elektrik təsərrüfatının yenidən qurulmasına, kəndarası yolların asfaltlanmasına, suvarmada olan çətinliklərin aradan qaldırılması üçün subartezian quyularının qazılmasına , nümayəndəlik üçün inzibati binanın tikilməsinə ehtiyac var.

Sonra vətəndaşların müraciətləri dinlənildi.Şəhid atası Mənsim Allahverdiyev yola keçid üçün su borusunun salınması, Qüdrət Vəliyev yeni subartezian quyusunun qazılması, Könül Hüseynova pay torpağının əskik olması, Məhərrəm Quliyev işlə, Əli Şirinov isə qaz xəttinin borca görə kəsilməsi ilə bağlı müraciət etdilər.

Edilən müraciətlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.

Vətəndaşlar əhaliyə göstərilən diqqət və qayğıya görə Respublika Prezidentinə öz minnətdarlığını bildirdilər.

Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.

Keçidlər