Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi

01 fevral 2020 | 16:00

Tərtərdə Gənclər Gününə həsr olunmuş tədbir keçirildi

Tərtər rayonunda 2 fevral-Gənclər Gününə həsr olunmuş umumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, onun əziz xatirəsini yad ediblər.

Tədbir Asiman şadlıq sarayında davam etdirildi.

Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Toplantını giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov açaraq gəncləri bayram münasibəti ilə təbrik edib. Qeyd edib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait, imkan böyük diqqətin nəticəsidir.

Müasir Azərbaycanın gənclər siyasəti Ümumilli liderin adı ilə bağlıdır. Gənclərə etibar edən Ulu Öndər onlarla ünsiyyətin tərəfdarı idi və mütamadi görüşlər keçirməklə, onların düşüncəsini, fikirlərini və təkliflərini öyrənir, müvafiq addımlar atırdı. Elə gənclərlə bu cür ünsiyyətin qurulması üçün ilk dəfə Ümummilli Lider Heydər Əliyev 1995-ci ildə gənclərin forumunun keçirilməsi haqqında təklif irəli sürdü və bundan sonra 1996-cı ildən başlayaraq forumlar təşkil edildi.

Məhz I Gənclər Forumundan sonra bu sahədə atılan addımların sayı dəfələrlə artdı və 1997-ci ildə imzalanan Sərəncamla fevralın 2-si Azərbaycan Gənclər Günü elan edildi.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov bildirdi ki, Tərtər rayonunun gəncləri dövlət başçısının Respublikanın gənclərinə göstərdiyi diqqət və qayğısına öz əməli işləri ilə cavab verirlər.

2019-ci il ərzində rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclər sahəsi üzrə il ərzində 31 , idman sahəsi üzrə 19 tədbir hazırlanıb həyata keçirilmiş, gənclər sahəsi üzrə 16, idman sahəsi üzrə 18 tədbirdə iştirak edilmişdir. Tarixi günlər və bayramlarla əlaqədar gənclərin toplantıları təşkil olunmuş, “dəyirmi masa”lar keçirilmiş, gənclərin arzu və təklifləri öyrənilmişdir

Rayonun gənc idmançısı boks üzrə üçqat Azərbaycan çempionu, yeniyetmələr üzrə yığma komandanın kapitanı Murad Allahverdiyev 09 sentyabr 2019-cu il tarixdə Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən avropa çempionatında üçüncü yerə layiq görülüb. Bundan başqa, boks üzrə gənclərin Azərbaycan çempionatında Murad Allahverdiyev birinci, yeniyetmələrin Azərbaycan çempionatında isə Rəvan Quliyev ikinci, Hüseyn İsazadə və Təbriz Nərimanov isə üçüncü yeri qazanıblar.

Emin Pənahov onu da bildirmişdir ki, yerli tədbirlərlə yanaşı rayonumuzun idmançıları ötən il beynəlxalq, respublika və zona yarışlarında eləcə də açıq birinciliklərdə yüksək nəticələr qazanıb, 67 ədəd medal və diploma layiq görülüblər. Medalın 2-si beynəlxalq yarışlarda, 10-u Azərbaycan çempionatı və birinciliyində, 55-i isə zona birinciliyi və açıq birinciliklərdə qazanılıb.

Çıxışının sonunda E.Pənahov bir daha gəncləri bayram münasibəti ilə təbrik edərək, bildirdi ki, bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacağıq.

Sonra gənclər adından Köçərli kənd tam orta məktəbin coğrafiya müəllimi Qaragöz Heydərli, Heydər Əliyev Mərkəzinin əməkdaşı Nəcmiyyə Zeynalzadə, Tərtər rayon icra hakimiyyətində könüllü Əli Paşayev, “N” saylı hərbi hissənin gənc zabiti Zahidli Nihad, Kara Pekin universitetinin 1-ci kurs tələbəsi Orxan Mustafazadə çıxış edərək öz ürək sözlərini bildirdilər. Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, əsaslı ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət-gənclər siyasətindən, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən bəhs ettdilər. Son zamanlar anti-Azərbaycançı şəbəkələrin dəstəyi ilə ölkədə sabitliyi pozmağa cəhd göstərən radikal müxalifətin çağırışlarını qətiyyətlə rədd etdiklərini, Möhtərəm cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi etimadı layiqincə doğruldacaqlarını bildirdilər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə bütün Azərbaycan gənclərini bayram günü münasibətilə təbrik edərək, onlara gün-gündən daha da inkişaf edən ölkəmizdə xoşbəxt və firavan gənclik, sağlamlıq və uğurlu gələcək arzuladı.

Gənclər Gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncama əsasən hər il təntənə ilə qeyd olunduğunu vurğulayan rayon rəhbəri ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından da danışdı.

Bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etmələrində mühüm rol oynayıb.

Rayonda həyata keçirilən gənclər siyasəti və gənclərin sosial vəziyyəti məsələsinə də toxunan icra başçısı bildirdi ki, bu gün rayonun və ölkənin ictimai-siyasi həyatında rayon gənclərinin göstərdiyi fəallıq onların hazırkı səviyyəsinin kifayət qədər yüksək olduğunu söyləməyə əsas verir.

Toplantıda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclərin bir qrupuna rayon icra hakimiyyəti, YAP rayon təşkilatı və Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlar verildi.

Tədbir Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin və uşaq-gənclər inkişaf mərkəzinin yetirmələrinin hazırladığı konsert proqramı ilə davam etdirildi.

Keçidlər