Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb

22 noyabr 2019 | 16:00

Tərtərdə Resurs və Təlim Mərkəzinin açılışında iştirak edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp səfər çərçivəsində məcburi köçkünlərlə görüşüb.

Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində olan qonağa rayon haqqında ətraflı məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Tərtər rayonu düşmənlə 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulması nəticəsində rayonun gündəlik fəaliyyətinə, inzibati və yaşayış binalarına, əkin sahələrinə, mal-qaraya, əhalinin məişət şəraitinə və digər sahələrə ciddi ziyan dəyir. Dinc sakinlər xəsarət alır, mülki əhali şəhid olur.

Diqqətə çatdırılıb ki, rayonda əhalinin əsas məşğuliyyət sahəsi kənd təsərrüfatıdır. Ermənilər tərəfindən işğal altında saxlanılan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir ki, nəticədə becərmə işlərində çətinliklər yaranır. Odur ki, kənd təsərrüfatı bitkilərinin suvarılması subartezian quyuları vasitəsilə həyata keçirilir. Əkinlərin suvarma suyuna olan tələbatının ödənilməsi üçün son illərdə 100-dən çox subartezian quyusu qazılıb. Bütün bu çətinliklərə baxmayaraq, rayon zəhmətkeşləri pambıqçılıq, baramaçılıq, taxılçılıq, meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticə əldə edirlər.

Səfirin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlər üçün yaradılan şərait, təmas xəttində yaşayan sakinlərin həyat şəraiti ilə bağlı sualları cavablandırılıb.

Diplomat sonra 1170 məcburi köçkün ailəsi üçün salınmış yaşayış kompleksində yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, Ermənistanın Dağlıq Qarabağ və ətraf əraziləri işğal etməsi nəticəsində doğma yurdlarından didərgin düşən insanların 13 min nəfərə yaxını Tərtər rayonu ərazisində məskunlaşıb. İki il əvvəl istifadəyə verilmiş 1170 ailəlik yaşayış kompleksinə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürülüb. Kompleksdə zəruri infrastruktur obyektləri - məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub.

Böyük Britaniyanın səfiri yaşayış kompleksində Əzizovlar ailəsinin mənzilinə baş çəkib. Umudlu kəndindən məcburi köçkün olan ailənin başçısı Təbib Əzizov deyib ki, 1992-ci ildə kəndləri işğal olunandan sonra Tərtərdə inzibati binada çətin şəraitdə yaşayıblar. 2018-ci ildə isə inşa edilən yaşayış kompleksində mənzillə təmin olunublar. "İndi bizim yaraşıqlı, hər cür şəraiti olan dördotaqlı evimiz var. Əvvəlki illərlə müqayisədə həyat şəraitimiz çox yaxşıdır. Ürəyimizdə olan yeganə arzumuz doğma torpaqlarımıza qayıtmaqdır",- deyə o bildirib.

Ceyms Şarp yaşayış kompleksində tam orta məktəb və körpələr-evi uşaq bağçasında yaradılmış şəraitlə də tanış olub.

Keçidlər