Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 22-də Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə Tərtər rayonunda tədbir keçirilib.

22 noyabr 2019 | 16:00

Əvvəlcə tədbir iştirakçıları rayon rəhbəri ilə birlikdə Ulu Öndərin abidəsinin önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir Yeni Azərbaycan Partiyasının inzibati binasında davam etdirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramları münasibəti ilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan danışıb. Bildirib ki, Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis olunması ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilib, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib. Ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranıb.

Azərbaycan ədliyyəsi ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra da ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilib, nazirliyin səlahiyyətləri genişlənib, cəmiyyətdə rolu artıb.

Ulu Öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.

Ulu Öndərin  layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevdə ədliyyə orqanlarının işinin təkminləşdirilməsi sahəsində görülən işləri uğurla davam etdirib. Belə ki, 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, nazirliyə vəzifələr həvalə edilib, strukturu təkmilləşdirilib. Müstəqillik dövründə ilk dəfə olaraq - dövlətimizin başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilib. Habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunub və Azərbaycan Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanıb.

Dövlətimizin başçısının 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata keçirilib.

Ədliyyə işçilərinin peşə  bayramı ərəfəsində Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Azərbaycan Respublikasının hakimlərinə və ədliyyə orqanları işçilərinə fəxri adların, ali xüsusi rütbələrin, orden və medalların verilməsi peşə bayramı ərəfəsində ədliyyə işçilərinə dövlət başçısı tərəfindən verilən qiymətin bariz nümunəsidir.

Tədbirdə Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyev, rayon polis şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Şıxəli Alməmmədov, Tərtər Hərbi prokuroru Hümmət Məmmədov çıxış edərək ədliyyə işçilərinə peşə bayramları münasibətilə ən xoş arzularını çatdırdılar, ölkədə həyata keçirilən uğurlu məhkəmə-hüquq islahatlarından söz açdılar. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışdılar. Ədliyyənin fəaliyyətinə yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda bir qurup ədliyyə işçisinə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər