Şriftin ölçüsü :

Saytın rəngi :

Cəmilli kəndində sakinlərin müraciətləri dinlənildi

23 avqust 2019 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Cəmilli kəndində oldu. Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.

Əvvəlcə Cəmilli kənd İƏD üzrə nümayəndə Manaf Məmmədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Bildirdi ki, Cəmilli kəndinin 336 təsərrufatı, 1565 nəfər əhalisi var. Kənddə 360 yerlik bir tam orta məktəb, 1 kitabxana, 2 məişət xidməti obyekti, 5 ticarət və ictimai iaşə köşkü fəaliyyət göstərir.

Cəmilli – Dəmirçilər yolu təmir edilərək asfaltlanmış, yol kənarlarına 200 ədəd şam ağacı əkilmişdir. Ərazidə məişət tullantılarının atılması üçün iri həcmli 5 ədəd quyu qazılmış, 1800 metr su arxı lildən təmizlənmiş, Cəmilli kənd tam orta məktəbinə içməli su xətti çəkilmiş, elektron kitabxana əhalinin istifadəsinə verilmişdir.

İcra nümayəndəsinin ərazi haqqında məlumatından sonra sakinlərin müraciətləri dinlənildi. Kənd ağsaqqalı Məhərrəm Əliyev respublika Prezidenti tərəfindən əhaliyə göstərilən diqqət və qayğıdan, onların sosial problemlərinin həllindən, hazırda kəndlərinin  abad bir kəndə çevrildiyindən danışdı. Artiq əhalinin işıq, qaz, içməli su problemlərinin olmadığını qeyd etdi. Göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə kənd sakinləri adından öz minnətdarlığını bildirdi. Suvarmada olan çətinliklərin aradan qaldırılması üçün kənddə 2 subartezian quyusunun qazılmasına ehtiyac olduğunu vurğuladı.

Kənd sakinləri Hüseyn İmaməliyev, Famil Məmmədov, Malik Əliyev, Həbibə Sadıqova səhvən yazılan elektrik borcu, kənd məktəbinin qazanxanasının qaz xəttinə qoşulması, məktəbin qarşısından keçən yola surət həddinin azaldılması üçün yol nişanlarının qoyulması  və suvarmada yaranan çətinliklərlə bağlı müraciətlər etdilər. Qarabağ müharibəsi əlili İlham Mustafayev respublika Prezidentinin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunduğu üçün ölkə rəhbərinə öz minnətdarlığını bildirdi.

Edilən müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov  əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov  dövlət tərəfindən regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıdan danışdı, sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinlədi, onların həlli istiqamətində aidiyyəti qurumların qarşısında məsələ qaldırılacağını və lazımı köməklik göstəriləcəyini bildirdi.

Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, sosial problemlərinin həllinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.

Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.

Keçidlər