Şriftin ölçüsü :

Saytın rəngi :

Rəcəbli kəndində səyyar qəbul-görüş keçirdi

30 iyul 2019 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Sarov kənd İƏD üzrə nümayəndəliyin Rəcəbli kəndində keçirildi. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.

Əvvəlcə Sarov kənd İƏD üzrə nümayəndənin müavini Günel Abışova kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Qeyd etdi ki, Rəcəbli kəndinin 72 təsərrufatı, 272 nəfər əhalisi var. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Ötən il onlar hər hektardan 55 sentner buğda,  40 sentner arpa təhvil veriblər.

Sonra sakinlərin müraciətləri dinlənildi. Kənd ağsaqqalı Mayıl Aslanov, Sahib Cuğuyev Respublika Prezidenti tərəfindən əhaliyə göstərilən diqqət və qayğıdan, onların sosial problemlərinin həllindən, hazırda kəndlərinin  abad bir kəndə çevrildiyindən danışdı. Göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə kənd sakinləri adından öz minnətdarlıqlarını bildirdilər.

Sakinlərdən Qərənfil Aslanova baldızının psixoloji durumu, Zöhrab Şirinov elektrik xətlərinin əsaslı təmir olunması, Mənsim Allahverdiyev, Amid Əliyev, Rəfail Verdiyev, Şəlalə Hacıyeva, Xəlil Aslanov, Elman Kərimov əkin sahələrinin suvarılmasında yaranan çətinliklərin aradan qaldırılması üçün yeni subartezian quyularının qazılmasına, kəndə avtobus marşurutunun açılmasına ehtiyac olduğunu bildirdilər.

Edilən müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov  əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.

Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, sosial problemlərinin həllinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər