Şriftin ölçüsü :

Saytın rəngi :

Mənəvi İrsin Təbliği İctimai Birliyi Tərtərdə vətənpərvərlik mövzusunda tədbir keçirib.

10 iyul 2019 | 16:00

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin növbəti tədbiri Tərtərdə olub.

Şəhərin Gənclər Mərkəzində keçirilən tədbiri təşkilatın sədri Sevinc Əzimbəyli giriş sözü ilə açıb. O, milli vətənpərvərlik ruhunun gənclərimizə aşılanmasından geniş söz açıb. Təşkilat sədri bildirib ki, mənəvi dəyərlərimizin, tarixi adət-ənənələrimizin qorunması bir xalq olaraq keçmişimizə və gələcəyimizə sahiblənməyimiz, dəyərlərimizin yaşadılması deməkdir: “Milli mədəni irsimizin təbliği birbaşa vətənpərvərlik şüurunun formalaşmasından keçir. Doğma Qarabağ torpaqlarımızın tezliklə işğaldan azad edilməsi dövlətimizin iqtisadi, hərbi gücü ilə bərabər vətəndaşlarımızın ayrıca mənəvi irsimizə, dəyərlərimizə sahiblənməsindən çox asılıdır. Ən sevindirici olan isə ölkəmizdə milli, mədəni irsimizin həqiqi himayəçisinin birbaşa Azərbaycan dövlətinin, onun prezidenti İlham Əliyevin və birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın olmasıdır”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qəhrəman Tərtər şəhidlərinin timsalında Vətən üçün canından keçən bütün şəhidlərimizin əziz ruhlarına dua oxuyub.

O, milli və dini kimliyin vəhdətindən, ölkəmizdə istər dinlərarası, istərsə də məzhəblərarası mövcud olan tolerant münasibətlərin yüksələn xətt üzrə inkişafından söz açıb.

C.Əzimbəyli bu uğurun dövlətimiz və xalqımız üçün ilahi bir nemət olduğunu deyib: “Hesab edirəm ki, həqiqi dini inanca sahib olan hər bir ölkə vətandaşı həm də sədaqətli vətənsevərdir. Hər birimiz ölkə gənclərinin yad təsirlərdən, təkfirçi zehniyyətdən mühafizə olunması, milli-mənəvi dəyərlərimizə sahib çıxması üçün var qüvvəmizlə çalışmalıyıq. Ən azından bu işdə prezidentimiz İlham Əliyevin siyasətinə cüzi də olsa qatqımız olar”.

Tərtər rayon İcra Hakimiyyətinin başçısının birinci muavini Ramiz Şabanov, icra hakimiyyətində dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə təmsilçisi Pərviz Eyvazov, Tərtər cümə məscidinin imam müavini Məhərrəm Rəhimov və digərləri çıxış edərək, bu silsilə tədbirlərin son dərəcə gərəkli olduğunu diqqətə çatdıraraq, təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.

Tədbirə şəhər ictimaiyyət nümayəndələri və çox sayda gənclər qatılıb.
Sonda S.Əzimbəyli şəxsi vəsaiti hesabına 15 aztəminatlı ailəyə ərzaq yardımı edib.

   

Keçidlər