Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Suvarma şəraitində yeni taxıl sortları, texnologiyalar və nümunəvi əkinlərin nümayişi” mövzusunda respublika müşavirəsi keçirilib

27 iyun 2019 | 16:00

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu və onun strukturuna daxil olan Tərtər Bölgə Təcrübə Stansiyasının birgə təşkilatçılığı ilə Tərtər rayonunda “Suvarma şəraitində yeni taxıl sortları, texnologiyalar və nümunəvi əkinlərin nümayişi” mövzusunda respublika müşavirəsi keçirilib.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi-tədqiqat institutlarının, Milli Aviasiya Akademiyasının alim və mütəxəssisləri, eləcə də fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxışında aqrar sahədə əldə edilən uğurlardan danışıb, taxılçılığın ərzaq təhlükəsizliyinin təmin olunması baxımından ölkə iqtisadiyyatında strateji sahələrindən biri olduğunu diqqətə çatdıraraq, müşavirənin əhəmiyyətini yüksək qiymətləndirib.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai “Əkinçilik Elmi Tədqiqat İnstitutunun taxılçılığa dair tədqiqat prioritetləri və taxıl yığımının vaxtında və itkisiz başa çatdırmaq üçün qarşıda duran vəzifələr”mövzusunda çıxış edib. O, çıxışında respublikada həyata keçirilən taxıl biçinindən, artıq 600 min hektardan artıq sahədə biçin aparılmasından, taxıl yığımını vaxtında başa çatdırmaq üçün nazirlikdə görülən əməli tədbirlərdən, taxılçılıq sahəsində aparılan elmi-tədqiqatların əsas strateji istiqamətləri və tədqiqat prioritetlərindən bəhs edib.

Müşavirədə bildirilib ki, respublikada ilk dəfə olaraq Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin rəhbərliyi altında ozonlaşdırma texnologiyası işlənilib yaradılıb. Milli Aviasiya Akademiyasının təşəbbüsü ilə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun alim və mütəxəssisləri tərəfindən ozonlaşdırmanın kənd təsərrüfatında tətbiqi əsasında taxıl istehsalının az məsrəflə və ekoloji təmiz üsullarla artırılması, məhsulun ekoloji təmiz və itkisiz saxlanılması üzrə elmi tədqiqat və sınaq işləri aparılıb, mühüm nəticələr əldə edilib. Milli Aviasiya Akademiyası ilə Əkinçilik Elmi-tədqiqat İnstitutu arasında da əməkdaşlıq müqaviləsi bağlanıb. 

Diqqətə çatdırılıb ki, toxumların səpinqabağı ozonlaşdırma texnologiyası ilə işlənməsi ekoloji tələblərə uyğun olması, toxumların səpin keyfiyyətini yüksəltməsi və iqtisadi cəhətdən səmərəliliyinə görə alternativ texnologiyalarla müqayisədə daha effektlidir.

Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova suvarma şəraiti üçün yaradılmış yeni rayonlaşmış və perspektiv buğda, arpa sortlarının, yeni resursmühavizəedici innovativ texnologiyalar, nümunəvi əkinlərin üstünlükləri haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, əsası 1933-cü ildə qoyulmuş Tərtər Bölgə Təcrübə Stansiyasında hər il 6000-ə qədər yerli və xaricdən introduksiya edilən buğda və arpa sort nümunələri üzərində tədqiqatlar aparılır və istehsal edilən yüksək reproduksiyalı 450-500 ton elit toxumlar Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında dövlət və özəl toxumçuluq təsərrüfatlarına verilir.

Müşavirədə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, fermerlərin sualları cavablandırılıb. Sonra iştirakçılar Bölgə Təcrübə Stansiyasının ərazisində yeni taxıl sortları, texnologiyalar və nümunəvi əkinlərlə tanış olublar.

Keçidlər