Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

31 mart 2019 | 16:00

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 31-də Tərtər rayonunda anım tədbiri keçirilib.

Şəhidlər abidə kompleksinin önündə keçirilən tədbirdə soyqırım qurbanlarının xatirəsi yad edilib, abidənin öçünə gül-çiçək dəstələri düzülüb, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub, sonra tədbir iştirakçıları 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rayon məktəblilərinin rəsmlərindən ibarət sərgiyə baxıblar.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış edərək bildirib ki, son iki əsrdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. 1905-1907-ci illərdə Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin öz məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi. 1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə erməni quldur dəstələri yenə də Bakıda və qəzalarda misli görünməmiş qətliamlar həyata keçiriblər. Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən çox olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti sonrakı illərdə də davam etdirilib. Təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində ötən əsrin sonlarında yüz minlərlə azərbaycanlı Ermənistandan qovulub, torpaqlarımızın 20 faizi zəbt edilib, 20 minədək soydaşımız şəhid olub, bir milyona yaxın həmvətənimiz doğma torpaqlarından didərgin düşüb.

Rayon rəhbəri azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri barədə danışıb. Qeyd edib ki, 1998-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Hazırda bu istiqamətdə ölkə rəhbərliyi, həmçinin Heydər Əliyev Fondunun Vitse-prezdenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” kompaniyası çərçivəsində məqsədyönlü və davamlı iş aparılır. Vurğulanıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, soyqırımı siyasətinə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymətin verilməsinə dair apardığı işlər Azərbaycanın haqlı mövqeyinin dəstəklənəcəyinə, ədalətin tezliklə öz yerini tapacağına hər birimizdə böyük inam yaradır.

Tədbirdə vurğulanıb ki, 31 mart Azərbaycanlıların Soyqırımı Günü bizim qan yaddaşımızdır. Bu günü heç kəs unutmamalıdır.
 

Keçidlər